Təkamül prosesi canlı orqanizmlərin ətraf mühitə fasiləsiz olaraq uyğunlaşması ilə gedir. Mühit şəraiti dəyişərsə, əlamətlər digər uyğunlaşma əlamətləri ilə əvəz olunur. Bu səbəbdən növlərin bəzisi uyğunlaşıb tərəqqi edir, bəzisi isə uyğunlaşa bilməyib tənəzzülə uğrayır.
Bioloji tərəqqi növlərin yüksələn xətlə inkişaf etməsinə deyilir. Bu zaman növün populyasiyalarındakı fərdlərin sayı artır, areal genişlənir, yeni yaranan fərdlərin sayı məhv olanlardan çox olur. Arealın genişlənməsi çox vaxt yeni populyasiyaların yaranması ilə nəticələnir. Hazırda bəzi növlər bioloji tərəqqidədir. Məsələn, əksər cücülər, sap qurdlar, dovşanlar, siçanlar, siçovullar və s. buna misaldır.
Bioloji tənəzzül bioloji tərəqqinin əksidir. Bu zaman məhv olan fərdlər yeni yarananlardan daha çox olur, növün fərdlərinin sayı azalır, areal kiçilir. Hətta bəzi növlər tənəzzülə uğrayır və məhv olur. Hazırda bir çox iri məməlilərin sayı (fil, kərgədan, bizon və s.) həddindən çox azalmışdır. Bitkilərdən plaunkimilərin nəsli kəsilmək üzrədir. Tarixi inkişaf zamanı bir çox bitki və heyvan növləri tamamilə yox olmuşdur.
A.N.Severtsov və İ.İ.Şmalhauzen təkamülün 3 yolunu göstərmişlər: aromorfoz, idioadaptasiya və ümumi degenerasiya.
Aromorfoz. Bu elə təkamül dəyişkənliyidir ki, quruluşu ümumi yüksəlişə aparır, həyat fəaliyyətini artırır. Quruluş səviyyəsi yüksəldikcə orqanizmlər yeni həyat şəraitinə keçmə imkanı qazanır. Belə orqanizmlər yaşamaq uğrunda mübarizədə böyük üstünlüklər əldə edir və qalib gəlir. Canlılarda fotosintezin yaranması, çoxhüceyrəlilik, cinsi çoxalma prosesi Arxey erası və Proterozoy erasına keçiddə ən mühüm aromorfozlar olmuşdur. Heyvanların quruya çıxması ilə əlaqədar olaraq onlarda bir sıra aromorfozlar: daxili mayalanma, ağ ciyərlər, ətraflar, qanadlar yaranmışdır.
Bitkilərdə baş verən aromorfozlara misal olaraq toxumaların, orqanların yaranmasını, toxumla çoxalma, ikiqat mayalanma proseslərini göstərə bilərik.
F