Oxşar növlərin cinslərdə birləşməsinə Darvinin Qalapaqos adalarında müşahidə etdiyi birəbitdənləri (vüroklar) misal göstərmək olar. Darvin səyahətdə olarkən adalarda bu quşların üç cinsinin olduğunu müşahidə etmişdir: ağac birəbitdənləri, yer birəbitdənləri və silvilər.
Yer birəbitdənləri açıq sahələrdə qidalanır, yerdə yuva qurur. Ağac birəbitdənləri ağacda qidalanır, yerdə yuva qurur. Silvilər isə müxtəlif yerlərdə qidalanır və yerdə yuva qurur. Bu quşları bir-birindən fərqləndirən qidalanma yeri, qidanın müxtəlifliyi, dimdiyin formasıdır. Onların bir qismi bitki mənşəli (parçalayan dimdik), bir qismi isə heyvan mənşəli (tutucu və ovan dimdik) qida ilə qidalanır. Məsələn, böyük yer birəbitdəninin qalın, parçalayan dimdiyi toxumların sındırılması üçün uyğunlaşmışdır. Kaktus yer birəbitdəninin dimdiyi və haçalanmış dili kaktus çiçəklərindəki nektarla qidalanmağa imkan verir. Ağac birəbitdənlərindən olan ağacdələnəbənzər birəbitdən ağac qabıqlarını ovur (ovan dimdik), ancaq uzun və yapışqanlı dili olmadığına görə dimdiyində kaktus iynəsi tutur və cücüləri qabıq altından onunla çıxarır.
Birəbitdənlərin hamısı bir növdən əmələ gəlmişdir. Onların əcdadı materikdə yaşamış, adalara gəldikdə isə müəyyən dəyişikliklərə məruz qalmışdır.
Müasir təsnifatın prinsipləri:
• Təbii sistem yaradılarkən indi yaşayan və məhv olmuş növlərin qohumluq əlaqələri nəzərə alınır;
• Bitki və ya heyvanın yerini təsnifatda müəyyən edən zaman onun bütün yaşlarda əlamətlərinin cəmi nəzərə alınır;
• Müasir təsnifatda növlərin xromosom aparatındakı oxşarlıq və fərqlərdən geniş istifadə olunur. Çünki bu, qohumluq əlaqələrinin müəyyən olunmasında əsas rol oynayır.