Makrotəkamülü sübut edən dəlillərdən biri də müqayisəli anatomiyadır. Bu dəlillərlə müasir dövrdə yaşayan canlıların orqanları, orqanlar sistemləri müqayisə edilir və təkamül nəticəsi çıxarılır.
Makrotəkamül prosesi mikrotəkamül kimi divergensiya yolu ilə gedir.
Divergensiya qohum növlərdə daha tez-tez müşahidə edilən homoloji orqanların yaranmasına səbəb olur.
Homoloji orqanlar. Mənşəcə eyni, quruluş və funksiyalarına görə bir-birindən fərqlənən orqanlar homoloji orqanlar adlanır. Suiti və delfinin ətrafları, noxudun bığcığı ilə kaktusun tikanı, insanın qolu ilə yarasanın qanadı buna misal ola bilər.
Bu prosesdə konvergensiyaya da tez-tez rast gəlinir.
Konvergensiya. Oxşar mühit şəraitində müxtəlif sistematik qruplarda orqanizmlərin oxşar xüsusiyyətlər qazanması konvergensiyadır. Məsələn, su mühitində yaşayan köpək balıqları, ixtiozavr (sürünən) və balinalarda (məməli) oxşar bədən forması yaranmışdır. Köstəbək və danadişilərin ön ətrafları torpağı qazmağa uyğunlaşmışdır.
Deməli, konvergensiya analoji orqanların yaranmasına səbəb olmuşdur.
Analoji orqanlar. Mənşəcə müxtəlif olub, eyni funksiyanı yerinə yetirən orqanlar analoji orqanlar adlanır. Onlar quruluşca oxşarlıq qazanmışdır. Məsələn, kəpənəyin qanadı ilə quşun qanadı, köstəbək və danadişinin ön ətrafları, zirincin tikanı ilə göyəmin tikanı, boranının bığcığı ilə noxudun bığcığı eyni mənşəli deyil. Quşun qanadı ətraf, kəpənəyin qanadı isə dəri çıxıntısıdır. Noxudun bığcığı yarpaq, boranı bığcığı gövdədir.