Siz artıq bilirsiniz ki, dizenteriya amöbü sarkodinlərə aid edilir və insanın yoğun bağırsaqlarında yara əmələ gətirir. Sista mərhələsində 4 nüvəyə malik olur. Milçəklər sistaları xəstənin nəcisindən müxtəlif əşyaların və ya qidanın üzərinə ötürür. İnsanın mədə-bağırsaq sisteminə düşərkən sistanın örtüyü dağılır və hər nüvə ikiyə bölünür.
Beləliklə, səkkiznüvəli amöb əmələ gəlir ki, bunlardan da səkkiz yeni amöb yaranır.
Malyariyaya tropik və subtropik ölkələrdə daha çox rast gəlinir. Koksidlər sinfinə aid olan malyariya parazitinin həyat tsikli kifayət qədər mürəkkəbdir. Onun əsas sahibi ağcaqanaddır. Parazitin cinsi inkişaf dövrü Anofeles cinsindən olan ağcaqanadın orqanizmində olur. Aralıq sahibi insan sayılır ki, onun orqanizmində parazitin qeyri-cinsi inkişaf dövrü keçir.
Malyariya 39-40 dərəcəyədək qızdırma, qara ciyərin və dalağın ölçülərinin artması, qanazlığı ilə müşayiət olunur. Bu xəstəliyin bir neçə forması mövcuddur. Onlardan ən ağırı tropik növdür. Bu, Afrika və Asiya ölkələrində hər il yüz minlərlə insanın, əsasən, 1-5 yaşlı uşaqların ölümü ilə nəticələnir.
Azərbaycan ərazisində XX əsrin əvvəlindən 5 malyariya epidemiyası baş verib. Sonuncu malyariya epidemiyası 1990-cı illərdə müşahidə olunmuşdur. Hazırda ölkəmizdə görülən profilaktik tədbirlər nəticəsində malyariyaya yoluxma hallarını minimuma endirmək mümkün olmuşdur.
Leyşmanioza subtropik və tropik ölkələrdə, o cümlədən Azərbaycanda da rast gəlinir. Daşıyıcıları dişi mığmığalardır. Dəri leyşmaniozunda dişlək yerlərində əvvəlcə düyünlər əmələ gəlir, daha sonra bu düyünlər çətin sağalan yaralara çevrilir. Leyşmaniozun visseral* formasında isə xəstələrdə yüksək temperatur müşahidə olunur, dalaq, qaraciyər və s. daxili orqanlar zədələnir.
Xəstəlik müalicə olunmadıqda, adətən, ölümlə nəticələnir.
* Visseral - daxili