2010-cu ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi, Qız qalası Rəsm Qalereyası və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan ənənəvi “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir.
UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş və paytaxtımızın rəmzi hesab olunan Qız qalası Azərbaycan memarlığının incisi və xalqımızın qədim tarixinin, zəngin mədəniyyətinin nümunəsidir. Artıq ənənə halını almış festivallar xarici rəssamları Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış etməklə yanaşı, Qız qalasının dünyada təbliğ edilməsinə və populyarlaşdırılmasına öz töhfəsini verir.
Hər il iştirak edən rəssamların müxtəlif ölkələri təmsil etməsi festivalın əhatə dairəsini genişləndirərək mədəniyyətlərarası dialoqu möhkəmləndirir. Sonda rəssamlar Qız qalası maketlərini bir-birinə bənzəməyən sənət əsərlərinə çevirirlər. Sonra bu maketlər müxtəlif ölkələrdə sərgilənir, ölkəmizi, onun tarixini və mədəniyyətini təmsil edir. Ötən festivalların Qız qalası maketləri Paris və Roma kimi şəhərlərdə nümayiş etdirilmiş və şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanmışdır.
2015-ci ildə festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb etməyə qərar vermiş, nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nin simvolu kimi seçilmiş ceyran maketləri hazırlamışlar.