Lindleyin ilk dəfə “Şollar” sözündən istifadə etməsi Bakı Dumasında qızğın müzakirələrə səbəb oldu. O, bulaq suları ilə zəngin olan və su hövzəsi kimi müəyyənləşdirdiyi ərazini Şollar adlandırırdı. Şollar bulaq sularının nəhəng bir şəhəri su ilə təmin edə biləcəyinə az adam inanırdı.
Lindley opponentləri öz seçiminin düzgünlüyünə inandırmaq üçün Şollar ərazisində hidroloji ekspertiza aparılmasını təklif etdi. Lakin Şəhər Duması vəsait çatışmazlığını bəhanə gətirərək bu təklifi rədd etdi. Bu zaman Hacı Zeynalabdin Tağıyev lazımi işlərin görülməsi üçün, onun təbirincə desək, “kasıb şəhər idarəsi”nə 25.000 rubl təklif etdi. Hacının bu təklifi Bakının gələcək su təminatında həlledici rol oynadı.
Mühəndis Şoll Şahdağın ətəklərində yerləşən geniş Qusar yaylasının işlənməsi üçün yaradılan geoloji ekspedisiyanın rəisi təyin olundu. Şollun rəhbərlik etdiyi ekspedisiya ağıryüklü at arabaları ilə nəzərdə tutulmuş bölgəyə gələrək işə başladı. Geodeziya və hidrogeoloji cihazların köməyi ilə Şahdağda və ona bitişik Qusar yaylasında kəşfiyyat işləri aparıldı. Şollun hesabatından məlum oldu ki, dənizkənarı boyunca içməli su quyuları, Xudatdan şimal-şərqə doğru isə meşədə olduqca şəffaf, sərin bulaq suyu aşkar edilib.