- Rəssamlıq sənətində belə şeylər çox olur. Bir də görürsən ki, rəssam eyni tablonu, mənzərəni, portreti bir neçə variantda işləyir. Daha çox xoşuna gələni özündə saxlayıb o birilərini dost-tanışa hədiyyə edir. Ya da ki əntiq mallar mağazasına verib satdırır. Dahi dünya rəssamlarının, eləcə də mənim yaradıcılıq həyatımda belə şeylər çox olub.
Möhbəddin Səmədin “Adi və qeyri-adi Səttar” kitabından
- Bu gördüyümüz mənzərələri respublikanın hansı guşələrində çəkmisiniz?
O, ani fikrə gedib sonra tabloların fırçaya alındığı yerlərin adlarını sadaladı:
- Onların arasında Abşeronda, Qubada, Dəvəçidə, İsmayıllıda, Şamaxıda, Göygöl tərəflərdə, eləcə də Naxçıvanda, Şuşada, Salyanda kətana köçürülənlər var... Bilirsiniz, hər yerdə həm gözəllik var, həm də ecazkar musiqililik. Yenə təkrar edirəm, bunları görüb qavramaq üçün, sadəcə olaraq, yeni göz və qulaq gərəkdir.
Rəssamın tablolarında gördüyüm qeyri-ənənəvi və qeyri-adi rəng çalarları, xüsusən ağ, çəhrayı, san rənglər diqqətimi daha çox çəkdiyindən məndə o rənglər barədə bilgi əldə etmək marağı yaranmışdı. Ona görə soruşdum:
- Səttar müəllim, sizin işlətdiyiniz rənglər qeyri-ənənəvi rənglərdir. Siz bu rəngləri necə əldə edirsiniz?
Cavabı birmənalı oldu:
- Mən heç bir rəng-zad kəşf etməmişəm. Əsərlərimdə gördüyünüz bu rəngləri Azərbaycanın ayrı-ayrı yerlərinin təbiətində görmüşəm. Sonra on, on beş rəngi bir-birinə qatıb həmin çalarları almışam. Necə deyərlər, bir növ təbiəti yamsılamışam...