- Vallah, Muxtar yaxşı adamdı, kim nə deyir desin! Kubra qısırdı, özü də o cür xəstə, amma Muxtar atmır onu... Vallah, Muxtarın yerinə kim olsa, gedib özünə başqa bir arvad alar, oğul-uşaq sahibi olar... Nolar qulaqları balaca olanda?
Amma Xanım xala bu dəfə də Məşədixanım xalanın üstünə çımxırdı:
- Yaxşıdı, pisdi, özü bilər, bizə nə? Sizün Muxtarın qulaqlarında nə işiniz var, ağəz?
Bundan sonra daha arvadların danışmaq həvəsi tamam qaçırdı.
(Elçin)
1. Coşqun, həşəmətli sellərin qəlbi dağların dibindən qoparıb dığırlaya-dığırlaya gətirərək çaylağa səpələdiyi iri daşların arxasında səngərləndilər (F.Eyvazlı). 2. Beləcə bir üçlük onlar üçün o qədər öyrəncəli olmuşdu ki, evlərinə başqa bir adam gələndə özlərini naqolay hiss edirdilər (Elçin). 3. Bu heyndə küçədən açıq akoşkalardan bir at kişnəməsi qalxdı (C.Məmmədquluzadə). 4. Rza bəy, sizin üçün eyib olsun ki, bu cür axmaq sözə inanıb mənim qapıma gəlirsiniz (Ü.Hacıbəyli). 5. Gecə külək şiddətlənirdi və qarı qovzuyub havada sovururdu (Y.V.Çəmənzəminli). 6. Yazıq qız skuçat edir, çağırır, vot, kstati, istəyirsiniz mən onu sizinlə tanış edim, çox yaxşı krosivaya barişna! Nu, bir az atvlekasiya olar (T.Ş.Simurq). 7. Mərdimazar olmasaydı, indi iki yuxu almışdıq (İ.Şıxlı). 8. Sonra yaxınlaşıb qapını usdufca vurdu (İ.Əfəndiyev). 9. Yazığa bax ha, hər gecə şeytana papış tikir, sənin də ona yazığın gəlir (Ə.Məmmədxanlı). 10. Bir dəfə nöşün olur, ağəz, elə düşüb dükanda qalmışdı ki (G.Hüseynoğlu). 11. Görüm sən komissarsan, upolnomoçennisən, nəsən? (C.Cabbarli) 12. Pardon, yoldaşlar. Pardon... İşləmək olar, ancaq... İşin içində mıtıryal var (M.lbrahimov). 13. Gorbagor məni vaxtında oxutsaydı, indi sənin kimilərə möhtac qalmazdım (S.Rəhman). 14. “Tüllab” bizim məhəllədə söyüş idi və əlbəttə, mən bilirdim ki, bu, biədəb bir söz deyil, çünki böyüklər də hirslənəndə bizim yanımızda bu sözü ağızlarından çıxarırdılar (Elçin). 15. “Qıç-qıç jersə” də təzə dəb düşmüşdü (Ə. Cəfərzadə).
Dialektizmlər | Vulqarizmlər | Varvarizmlər |
(bədii əsərdə işlənən dialekt sözlər) | (kobud söz və ifadələr) | (bədii əsərdə işlənən və dilimizin lüğət tərkibinə daxil olmayan alınma sözlər) |
İnsanların gündəlik həyatda, ailədə, istehsalatda istifadə etdikləri dil ədəbi dilin məişət üslubuna aiddir.
Məişət üslubu ancaq şifahi şəkildə mövcud olur. Bu üslubun əsas əlaməti sərbəstlik və təbiilikdir. Ancaq bu o demək deyil ki, məişət üslubunda şəxs istədiyi kimi danışa bilər, hər söz və ifadəni işlədə bilər. Digər üslublar kimi, məişət üslubu da ədəbi dilin qayda-qanunlarına tabe olmalıdır.