Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Gərçi bu bədbəxt özü elmə həvəskardır,
Kəsbi-kamal etməyə səyi dəxi vardır,
Məncə, bu işlər bütün şiveyi-küffardır,
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır,
Elmin əbəs olduğun anlamayır, qanmayır,
Sair uşaq kimi hər sözə aldanmayır,
Eyləyir ömrün hədər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Eyləmərəm rəhm onun gözdən axan yaşına,
Baxsın özündən böyük öz qoçu qardaşına,
Ölsə də, verməm riza şapqa qoya başına,
Kafir ola bir nəfər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!