Stenford Universitetinin əsası dəmiryol maqnatı və ABŞ-ın senatı Leland Stenford və arvadı Ceyn Stenford tərəfindən qoyulmuşdur və onların 1884-cü ildə 16 yaşına çatmamış vəfat edən övladlarının şərəfinə adlandırılmışdır. Universitet tikilib istifadəyə veriləndən sonra Ceyn həyat yoldaşına belə deyir: “Kaliforniyanın uşaqları bizim uşaqlarımız olacaq... ”
Ər və arvad Stenfordlar məsləhət almaq üçün Harvarda, prezident Eliotun yanına gedirdilər.
Çox sadə və bəzək-düzəksiz paltar geyinmiş qadın, adi kostyumda olan ər Boston vağzalında qatardan düşdülər və Harvard universitetinin prezidentinin ofisinə yollandılar.
Katib onları başdan-ayağa diqqətlə süzdükdən sonra başa düşdü ki, bu əyalət adamlarının Harvardla bağlı heç bir işi ola bilməz:
- O bütün günü məşğul olacaq.
- Eybi yoxdur, biz gözlərik.
Bir neçə saat ərzində katib onların qəbula düşmək istəyini nəzərə almamış və onların usanaraq çıxıb gedəcəyini gözləyirdi. Ancaq cütlüyün çıxıb getməyəcəyinə əmin olduqdan sonra istəməsə də, məcburiyyət qarşısında qalıb prezidenti narahat etməli oldu:
- Bəlkə, siz onları bir neçə dəqiqəlik qəbul edəsiniz?
Qadınla kişi kabinetə daxil olduqda prezident sərt və özündənrazı görkəm aldı. İlk olaraq qadın ona müraciət etdi:
- Bizim oğlumuz sizin universitetdə cəmi bir il oxudu. O, buranı çox sevir və özünü xoşbəxt hiss edirdi. Təəssüflər olsun ki, bir il bundan əvvəl o, xəstəlikdən vəfat etdi. Biz universitet ərazisində onun adını əbədiləşdirmək istəyərdik.
Prezident qaşbaqağını tökərək acıqlı şəkildə:
- Xanım, - deyə dilləndi, - biz Harvardda təhsil alan və ölən tələbələrə universitet həyətində heykəl qoymağa hazırlaşmırıq. Biz belə etsə idik, həyətdə böyük bir qəbiristanlıq yaranardı.
- Cənab, siz bizi başa düşmədiniz, - qadın kobud münasibətə etiraz etdi. Biz abidə yox, Harvard üçün yeni korpus tikmək istəyirik.
Prezident ər-arvadın öz aləmində kasıb hesab etdiyi geyimlərinə baxdı və heyrətlə dilləndi:
- Korpus?! Siz, ümumiyyətlə, belə bir korpusun tikintisi üçün nə qədər pul lazım gələcəyini təsəvvür edirsinizmi? Harvardın bütün binalarının dəyəri 7 milyondan artıqdır!
Qadın bir dəqiqə susdu. Sonra ərinə tərəf çevrilib sakit səslə dedi:
- Məgər universitet tikmək üçün bu qədər az pul lazımdır?! Bəs onda biz niyə öz universitetimizi tikmirik?
Kişi təsdiqedici tərzdə başını yellədi. Prezidentin təəccübdən gözləri kəlləsinə çıxmışdı.
Cənab və xanım Stenfordlar sakitcə kabinetdən çıxdılar. Palo-Altoda, Kaliforniya ştatında onlar oğullarının xatirəsini əbədiləşdirən universitet binası ucaltdılar.
(Sergey Morev)