Bədən dili davranışla idarə olunan ünsiyyət növüdür. Bədən dili ilə yaranan ünsiyyətə bədən və baş hərəkətləri, jestlər, üz və göz ifadələri, başın hərəkəti, oturuş forması və s. daxildir.
Davranışlarımızı, jest və mimikalarımızı yerində və düzgün istifadə etsək, insanlara təsir gücümüz artar. Həddindən artıq əl-qol hərəkətləri, mimikaların çoxluğu dinləyənin diqqətini azaldır və nitqinin təsirini zəiflədir. Məsələn, əli belində və ya əlləri arxada birləşmiş halda olan duruş insanları bezdirə və uzaqlaşdıra bilər.
Diqqətli müşahidə insanları başa düşmək və hərəkətlərin mənasını düzgün müəyyən etmək üçün çox vacib və əhəmiyyətli bacarıqdır.
“Bədən dili" təhsil prosesində əhəmiyyətli dərəcədə böyük rola malikdir. Tədris zamanı müəllimlər “bədən dili” vasitəsilə şagirdlərinə öz fikirlərini daha dəqiq, aydın çatdırırlar: “Siz mənim üçün vacibsiniz”, “Sizin dərslərinizin öhdəsindən gələcəyinizə inanıram”, “Sizə güvənirəm”, “Sizin uğurlarınıza inanıram”, “Sizinlə birlikdəyəm və yanınızdayam” və yaxud “Siz bizim davamçılarımızsınız”, “Sizin vətənin layiqli övladları olacağınıza əminəm”..
Müəllim də şagirdlərin “bədən dili” vasitəsilə çatdırmaq istədiklərini düzgün anlamalıdır. İzah edilənlərə şagirdlərin maraq göstərib-göstərmədiklərini, dərsi anlayıb-anlamadıqlarını, sinfin motivasiyasını, dərsdə sıxılıb-sıxılmadıqlarını anlamalı, vəziyyəti düzgün qiymətləndirməlidir. Sinfi diqqətlə müşahidə edən müəllim üçün bu, asan olmalıdır.