Uşaq alənin sevinci, fərəhi və ümid daşıyıcısıdır. Nəslin, soyun, davamı, ailə ocağının istiliyi daha çox onun varlığına bağlıdır. Ana və ata bir-birinə uşaq vasitəsilə yenidən bağlanırlar: uşağın sevinci onları sevindirir, üzüntüsü də kədərləndirir.
Sevgi və şəfqəti ilə uşağı sevindirən,üzünü güldürən qəlbini nəşələndirən valideynlər olduğu kimi, onunla sərt davranıb qəlbini incidən, tez-tez təhdid edərək küsdürən,qorxudan ata-analarda az deyil. Bəs tərbiyədə sevgi və qorxunun yeri necə olmalıdır? Ümumiyyətlə, tərbiyyə daha çox qorxununmu, yoxsa sevgininmi üzərində qurulmalıdır? Madam ki tərbiyə uşaq yetişdirmə sənətidir, bəs bu sənətin sənətkarı öz vəzifəsini sevgi, yoxsa qorxu iləmi yerinə yetirməlidir?
Uşaq bir əmanətdir. Pak qəlbi, tərtəmiz ruhu, saf duyğuları, aydın zəkası ilə möhdəşəm bir aləmdir. Bu əmanətin sağlam yetişməsi, şəxsiyyətinin düzgün formalaşması,həyat yolunda vüqarla hədəflərinə qovuşması, nailiyyətlərə çatması öncə doğru tərbiyəsinə,sonra doğru təliminə bağlıdır.