22. “Şəhər bulvarları” mətnini oxuyub məzmununa münasibət bildirin.
Sahil bulvarı şəhərin ən iri bulvarı idi. Dəniz havası almaq və yayın isti aylarında sərinlənmək üçün sahildə bulvar yaradılması Bələdiyyə idarəsini çoxdan düşündürürdü. Bu barədə ilk addım 1909-cu ildə atılmışdır. Bulvarın salınması təşəbbüsçüsü Bakının görkəmli mühəndisi Məmmədhəsən Hacınski olmuşdur. Hacınski bu illərdə Bələdiyyə idarəsində inşaat şöbəsinə başçılıq edirdi. Onun səyi ilə bulvarın salınması məsələsi Dumanın iclasına qaldırıldı. Duma bu iş üçün 60 min manat vəsait ayırmağı qərara aldı. Hacınski şəhər memarlarından Adolf Eyxerin yaxından köməyi ilə bulvarın salınması layihəsinin hazırlanması ilə məşğul oldu. Onlar təkcə bulvarın salınması, orada meyvə və bəzək ağaclarının əkilməsini deyil, qəşəng pavilyon və binaların tikilməsi barədə də müsabiqə elan etdilər. Müsabiqədə 30 nəfərədək memar və mühəndis iştirak edirdi. Müsabiqədə birinci mükafatı memar Q.M.Termikelov almışdı. Şəhər idarəsi bulvarın salınması, orada pavilyonların, restoran və dəniz hamamının tikilməsi ilə sahilin yalnız gözəlləşməsini deyil, eyni zamanda əldə edilən gəliri də nəzərdə tuturdu. Bulvarın yaradılması şəhər idarəsini daha bir çətin məsələ ilə qarşılaşdırmışdı. Bu da məhəllələrdən dənizə doğru çirkab sularının axıdılması idi.