Maddə 1. Terminlərdən istifadə
Bu Konvensiyanın məqsədləri üçün aşağıdakı terminlərdən istifadə ediləcəkdir:
Fəaliyyət planı - Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi və davamlı inkişafı üzrə fəaliyyət planı;
Tullantı - dəniz ətraf mühitinə Xəzər dənizindəki gəmilərdən, uçan aparatlardan, platformalardan, yaxud digər süni qurğulardan tullantı və ya digər materialların qəsdən atılması və yaxud gəmilərin, uçan aparatların, platformaların və digər süni qurğuların Xəzər dənizində qəsdən batırılması;
Çirklənmə - bioloji ehtiyatların və dəniz canlılarının həyatı, insan sağlamlığı üçün təhlükə törədən və ya törədə biləcək və Xəzər dənizinin hüquqauyğun istifadəsinə maneə yaradan və ya yarada biləcək maddələrin, yaxud enerjinin insan tərəfindən birbaşa və ya dolayı yolla dəniz ətraf mühitinə daxil edilməsi;
Quruda yerləşən mənbələrdən çirklənmə - quruda yerləşən bütün nöqtəvi və səpələnmiş mənbələrdən su və ya hava vasitəsilə dənizin çirklənməsi, yaxud bilavasitə sahildən və qurudan tunel, boru kəməri, yaxud başqa bir yolla çirkləndirici maddələrin istənilən yolla dəniz ətraf mühitinə atılması;
İnvaziv yad növlər - meydana gəlməsi və yayılması Xəzər dənizinin ekosisteminə və ya bioloji ehtiyatlarına iqtisadi və ya ekoloji zərər vura biləcək köçmə növlər deməkdir.
Maddə 2. Məqsəd
Bu Konvensiyanın məqsədi Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsindən ibarətdir.
Maddə 3. Tətbiq sahəsi
Bu Konvensiya, Xəzər dənizinin səviyyəsinin dəyişməsi və quruda yerləşən mənbələrdən çirklənmə nəzərə alınmaqla, onun dəniz ətraf mühitinə tətbiq edilir.
Maddə 5. Prinsiplər
Bu Konvensiyanın məqsədinə nail olmaq və onun müddəalarını yerinə yetirmək üçün Razılığa gələn Tərəflər öz fəaliyyətlərində aşağıdakıları rəhbər tuturlar:
a) ehtiyat tədbirlər görmək prinsipini; bu prinsipə əsasən, Xəzər dənizinin ətraf mühitinə ciddi və ya dönməz təhlükə yaranarsa, dəyəcək zərərin qarşısını almaq üçün səmərəli tədbirlərin təxirə salınmasında tam elmi əsasların olmamasına istinad etmək səbəb kimi istifadə edilə bilməz;
b) “çirkləndirən ödəyir” prinsipini; bu prinsipə əsasən, çirkləndirən çirklənmənin qarşısının alınması, onun azaldılması və ona nəzarət də daxil olmaqla, əlaqədar tədbirlərin görülməsi ilə bağlı xərcləri ödəyir;