Zəngilan rayonundakı Bəsitçay vadisində 117 hektar sahəni əhatə edən çinar meşəsi vardı. Əsrlərin yadigarı olan çinar ağacları erməni işğalçıları tərəfindən qırılmış və məhv edilmişdir. Bu isə ekoloji terrordan başqa bir şey deyildir.
Onu da qeyd edək ki, həmin meşənin böyük bir hissəsi Bəsitçay Dövlət Təbiət Qoruğuna məxsusdur. Qoruq 1974-cü ildə akademik Həsən Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Bu qoruq çinar meşələrinin xüsusi rejimlə qorunmasına xidmət edirdi.
Ətrafda sərinlik yaradan çinarın əhəmiyyəti ondan ibarətdir ki, toz, tüstü, zəhərli maddələri özünə çəkərək havanı təmizləyir. Bu ağacın yaratdığı mikroiqlim 15-20 saniyə ərzində vərəm çöplərini məhv edir.
Şərq çinarının məskəni Zəngilan hesab edilir. Nəinki Gəncədə, eləcə də ölkəmizin digər şəhər və rayonlarında Şərq çinarlarının əkilməsi məqsədəuyğundur. Çünki çinar iri yarpaqları vasitəsilə şəhər atmosferinin tozunu və insan orqanizmi üçün zərərli qazları udaraq ətrafda zəngin oksigen mənbəyi yaradır. Bu mikroiqlim insanlarda fiziki yorğunluğu aradan qaldırır, sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
XIX əsrin ikinci yarısında general Həsən Ağalarova məxsus torpaq sahəsinin çinar meşəsi də daxil olmaqla, satılması ilə bağlı müraciət edilir. General Ağalarov torpağın və çinar meşəsinin satılmasına rədd cavabı verir. Sonradan generala çinar meşəsinin bir hissəsinin parket və çəllək düzəldilməsi üçün qırılmasına icazə verilməsi barədə yemdən müraciət edilir. Ağalarov çinar meşəsinin qızına məxsus olduğunu və onun buna razı olmadığını bildirir. Hətta qızı razılıq versə idi də, çinarlardan heç birinin kəsilməsindən söhbət gedə bilməzdi.
Zəngəzur Cənubi Qafqazın özünəməxsus füsunkarlığı ilə seçilən son dərəcə gözəl bölgələrindən biridir. Sanki bu diyarın insanları ilə təbiət bir-birini tamamlayır.
Qarabağdan keçib Zəngəzura gedərkən Sağsağanlı dağına qalxanda adamın gözü qarşısında Zəngəzurun insanı heyran edən gözəl mənzərəsi açılır. Zəngəzur dağının ətəyində Artiz, Saliq, Merkz dağları, onlardan aşağıda Kəpəz, Keçəldağ silsiləsi uzanır. Bu dağlar həmişə qarla örtülü olur. Hələ çinar meşələrini demirəm.