1. Bu əfsanə “Vardır” şeirinin hansı bəndinin mənasını izah etməyə kömək edər?
Deyirlər ki, Lalə gözəllikdə, ağıl-kamalda tayı-bərabəri olmayan bir qız imiş. Laləni ürəkdən sevdiyi bir oğlana nişanlayırlar. Günlər ötdükcə Lalə daha şən, daha gözəl, daha qəşəng olur.
Bir gün Laləgilin yaşadığı şəhəri düşmənlər zəbt edirlər. Şəhərin hökmdarı adamları müharibəyə çağırır: “Xoşbəxtlik, səadət, var, dövlət yurdun azadlığıdır. Kim ömrünün axırına kimi firavan yaşamaq istəyirsə, hökmən qılınc götürüb döyüşə girməlidir”.
Lalə sevgilisindən ayrılmalı olur. Son anda nişanlısı Laləyə deyir: - Mən hökmən baharda qayıdacağam!
Müharibə bitir. Lalə həsrətlə baharı gözləyir. Nəhayət, güllü-çiçəkli bahar da gəlir. Lalə sevgilisini qarşılamaq üçün qıpqırmızı donunu geyinib yol kənarında əyləşir, həsrətlə gözlərini uzaqlara dikir. Lalə çox gözləyir, lakin sevgilisini “gördüm” deyən olmur. Düzlərə, çəmənlərə düşür, sevdiyini axtarır. Yaşıl bir çəməndə nişanlısının qanlı dəbilqəsini tapır. Dərd əlindən Lalənin bağrı qapqara qaralır. O, ayrılığa dözmür, onu gülə və ya quşa döndərmək üçün Allaha yalvarır. Lalənin fəryadına dözməyən göylər onu qıpqırmızı donundaca çiçəyə döndərir. Elə o vaxtdan lalə yalnız bahar gələndə düzənliklərdə, yol kənarında, dağların döşündə bitir, torpaqdan ayrılan kimi solur.