1. Bu parça mətnin hansı hissəsinə aydınlıq gətirə bilər?
Salyanda təbiətin rəngləri başqa yerin rənglərinə oxşamır. Burada rənglər sanki bir-biri ilə öcəşir. Səhər Kürün rəngi od kimi olur, gündüz bulanır, axşamlar isə qırmızımtıl rəng alır. Muğanda insanla təbiət arasındakı münasibət parlaq boyalarda öz əksini tapır. Qızmar günəşin bütün şiddətini, torpağın qüdrətini, insan əməyinin əzəmətini burada daha aydın görürsən. Yaz vaxtı Kür sahilinin, Muğan düzünün səhəri də, günortası da, axşamı da gözəl olur, xüsusən ikindi çağı. Ot çalınan zaman düzdən keçəndə elə bil xəyal aləmində gəzirsən. Hər tərəf laləzardır, ətirdən, xoş rayihədən adam bihuş olur. Pambıq tarlaları da, zəmiləri də, şütüyüb qaçan ceyranlar da, göydə süzən quşlar da təbiətlə adamlar arasındakı bir tarazlığı, ahəngdarlığı xatırladır...
2. Şəkillər əsasında Azərbaycan təbiətini bir-iki cümlə ilə xarakterizə edin.