Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri olan Gəmiqaya Ordubad dağlarında, Qapıçıq dağının cənub və şərq yamaclarında yerləşir. Gəmiqaya Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Buradakı təsvirlərin və qədim yurd yerlərinin azı 7-8 min il yaşı var.
Gəmiqayada mürəkkəb süjetli kollektiv rəqs səhnələri təsvir olunmuşdur. Maraqlı kollektiv rəqs səhnələrindən birində adam təsvirinin başında buynuzvari çıxıntılar var. Görünür, həmin adam başına öküz və yaxud keçi maskası geyinmişdir. Adamlar qollarını və qıçlarını geniş açaraq hərə bir tərəfdən fərdi şəkildə rəqs edir. Rəqs meydanının mərkəzində verilən, günəş və yaxud od rəmzi sayılan dairələrdən şüaşəkilli xətlər çıxır. Bir qədər aşağıda həmin dairəyə doğru hərəkət edən keçi təsvir olunmuşdur. Keçinin yaxınlığındakı adam əlini dairəyə doğru uzatmışdır. Onun əli üç barmaqla verilmişdir. Görünür, bu təsvirdə qədim ovçuluq və yaxud heyvandarlıqla əlaqədar müqəddəs sayılan od - ocaq ətrafında icra edilən maraqlı mərasim əks etdirilmişdir.