1. Mətnləri oxuyun, onların hansı yazı tiplərinə uyğun gəldiyini müəyyənləşdirin.
Bizim eradan əvvəl 513-cü ildə İran şahı Dara özünü skiflərdən çox-çox qüvvətli hesab etdiyindən onları məğlubiyyətə uğratmaq və özünə tabe etmək istəmişdir. Buna görə də o, skiflərlə vuruşmazdan əvvəl onların özlərini məğlubolunmuş hesab etmələrini və bu məqsədlə ona torpaq və su göndərmələrini tələb etmişdir. Lakin skiflər bunun əvəzinə Daraya bir diri qurbağa, bir siçan, bir quş və beş ox göndərmişlər. Qədim yunan tarixçisi Herodot bunun məzmununu belə izah etmişdir: “Əgər siz farslar bataqlıqda qurbağa kimi tullanmağı öyrənməsəniz, siçan kimi gizlənməyi bacarmasanız, quş kimi uça bilməsəniz, bizim torpağa ayaq basan kimi oxlarımız altında məhv olacaqsınız”.
Göyərçin hələ çox qədim zamanlardan bərəkət, bolluq, sonralar isə sülh, əmin-amanlıq simvolu kimi tanınmışdır.
Əfsanələrə görə, dünyanı su basdıqdan sonra su yavaş-yavaş çəkilib azaldığı zaman göyərçin bu kortəbii fəlakətin yumşalması əlaməti olaraq Nuhun gəmisinə dimdiyində zeytun budağı gətirmişdir.
Qədim romalılar müharibə allahı hesab edilən Marsın yerə düşüb arxası üstə çevrilmiş döyüş papağı içərisində oturan göyərçin şəklindən sülh emblemi kimi istifadə edirdilər. Mütəxəssislərin mülahizələrinə görə, göyərçinlər bütün quşlar, hətta bütün canlılar içərisində öz mehribanlıqları, səmimiyyətləri, sədaqətləri ilə seçilir. Erkək və dişi göyərçin həmişə cüt gəzir, bir-birindən ayrılmır.
Göyərçinlərdə yırtıcılıq əlamətlərinin olmaması, həmişə əmin-amanlıq içində yaşamaları da onları bütün canlılar içərisində sülh tərəfdarı kimi tanıtmışdır.
Hazırda göyərçin yüz milyonlarla insanın bütün dünyada sülh və əmniyyət uğrunda apardığı mübarizənin rəmzidir.