Bethovenin sağlamlığı ilə bağlı çətinlikləri onun dünyagörüşünə ciddi təsir göstərmişdir. 1796-cı ildə 28 yaşında ikən o, ağır xəstəliyin - musiqiçi üçün əsl faciə olan karlığın ilk əlamətlərini hiss edir. Qulaqlarındakı kəskin cingiltili səslər ona musiqi səslərini ayırd etməkdə maneçilik törətməyə başlayır. Xəstəlik şiddətləndikcə Bethoven əvvəlcə pianoda çalmaq, sonra dirijorluq etmək qabiliyyətini get-gedə itirir. Adamlarla ünsiyyət saxlaması da tədricən çətinləşir: ömrünün son illərində o, dəftərdən istifadə etməklə yazılı “söhbətlər”ə keçir. Ən dəhşətlisi isə o idi ki, bəstəkar yaratdığı musiqini daha eşitmirdi! Lakin nə xəstəlik, nə də tənhalıq Bethovenin mətin iradəsini qıra bilmir. Bəstəkarın bu dövrdə yazdığı əsərlərdə qorxu, ümidsizlik hisslərinə rast gəlmək mümkün deyil. Onun simfoniyalarında, sonatalarında, kvartetlərində ruh yüksəkliyi, insan mübarizəsinin qələbə ilə nəticələnəcəyinə və gələcəyə inam duyulur.
Bethoven cəmi doqquz simfoniya yazmışdır. İlk baxışdan bu, Haydn və Motsart irsi ilə müqayisədə, (əlbəttə, əlbətdə), çox deyil. Ancaq Bethoven bəstəkar Haydnın müəyyənləşdirdiyi (orkestr, arkestr) tərkibinə yeni alətlər daxil etmiş və beləliklə, onun daha qüvvətli səslənməsinə nail olmuşdur.
Bethoven ən məşhur əsərlərindən biri olan 3-cü simfoniyanı əvvəlcə Napoleona həsr etməyi nəzərdə tutubmuş. Lakin Napoleonun özünü imperator elan etməsini bəstəkar olduqca pis qarşılayır və simfoniyanı “Qəhrəmanlıq” adlandırır. 9-cu simfoniyada isə bəstəkar dövrü üçün cəsarətli bir yenilik tətbiq edir - əsərin son hissəsində alman şairi İ.F.Şillerin “Sevincə doğru” şeiri əsasında nəhəng xor səhnəsi verir. Bu ölməz musiqi indiyədək xoşbəxtliyə, səadətə, dostluğa, qardaşlığa səsləyən alovlu çağırış olaraq dünya xalqlarının birlik rəmzi kimi qavranılır.
Bethoven musiqisində incə lirika, dərin fəlsəfi düşüncələr də mühüm yer tutur. Məsələn, “Pastoral” adlandırdığı 6-cı simfoniyasında, “Ay” sonatasında təsvir olunan gözəl təbiət mənzərələri insanın daxili aləmi, onun fikir və düşüncələri ilə həmahəng səslənir. Bethovenin kvartetləri, fortepiano konsertləri, eləcə də “Uzaq sevgiliyə doğru” vokal silsiləsi, kiçik mahnıları yaradıcılığının lirik xəttini bariz şəkildə nümayiş etdirir.
Dahi bəstəkarın dəfn mərasiminə otuz mindən artıq insan yığışıbmış. Bethoveni son mənzilə yola salanların arasında Frans Şubert də var imiş. Bu çox simvolik bir hadisə idi. İlk romantik sonuncu klassiklə vidalaşır. Avropa musiqisində klassisizm cərəyanı romantizmlə əvəz olunur...