Əlincə əzəmətli təbiət abidəsidir. Dörd tərəfdən sıldırım qayalardan ibarət olan bu dağın üstündə məşhur Əlincə qalası inşa olunmuş, qalada qarovulxana, səngər, su hovuzları, insanların yaşayışı üçün şərait, sarsılmaz müdafiə sistemi olmuşdur. Əlincə dağ?qalası əsrlər boyu tarixin səhifələrindən düşməmiş, neçə-neçə müharibənin şahidi olmuş, Eldənizlər, Elxanilər, Cəlairilər dövründə möhtəşəm istehkama çevrilmiş, illər uzunu monqolların mühasirəsində qalmış, öz əzəmətini, əyilməzliyini qoruyub?saxlamış, dəfələrlə xalqımızın xarici işğallardan müdafiəsində müstəsna rol oynamışdır. Alınca xanın hakimiyyəti illərində yüksək dağ zirvəsində qalanı inşa etdiyinə görə Əlincə dağı və qalası onun adı ilə bağlı yaranmışdır.
Bura xalqımızın müqəddəs məbədgahıdır. Sirri hələ də insanlara bəlli olmayan, haqqında xeyli əfsanə və rəvayət söylənilən məşhur Əshabi-kəhf ocağı dağın sıldırım qayalıqları arasında yerləşir. Müqəddəs “Qurani-Kərim”də adı çəkilən bu möcüzəli yer əsrlər boyu insanların ziyarətgahına, ibadət yerinə, inam ocağına çevrilmişdir. Son illərdə burada aparılan böyük tikinti?quraşdırma işləri xalqın bu ocağa məhəbbətinin ifadəsidir. Deyilənə görə, düşmənlərdən qaçan yeddi nəfər mömin gəlib bu sıldırımlı dağlara çatır. Qaçacaq yer olmadığını görüb xilas olmaq üçün göylərdən kömək istəyirlər. Bu zaman dağlar ayrılır, yeddi şəxs onun içinə girib yoxa çıxır. O vaxtdan həmin yer Əshabi-kəhf adlanır. Əshabi-kəhf sözünün mənası “Mağara əhli” deməkdir. Buraya bəzən “Yeddi kimsənə” də deyilir.