Xarıbülbül haqqında müxtəlif rəvayətlər var. Onlardan biri də budur.
Bir zamanlar bütün bitkilər canlı imiş. Onlar da insanlar kimi danışırmış, sevə bilirmiş, sevinib gülə bilirmişlər. Bülbül çəmənin ən nazlı gülünü sevirmiş. Bütün gül-çiçəklər səmimi qəlblə bu məhəbbəti alqışlayırmış.
Hər gün sübh tezdən bülbül gülün üstünə qonub ona məhəbbət mahnısı oxuyar gül-çiçəklər də bu nəğmənin təranələri altında rəqs edərmiş şadlanarmış. Paxıllıqdan, az qala, bağrı çatlayan xar bu şadyanalığa dözə bilmir. Hamının sevinci onun qəzəbi imiş. Nəhayət, xar bu sevincə son qoymaq istəyir. Gülü bülbüldən ayırmaq üçün gəlib ona öz “sevgisi”ni açır. Gül xarı rədd edir. Acıqlanan xar gülün bir ləçəyini yeyir. Bülbül gülün məhv olduğunu görüb fəryad qoparır. Bütün gül-çiçəklər də bu fəryada qoşulurlar. Lakin fəryad heç zaman daşqəlblilərə təsir etməyib. Xarın daş qəlbi yenə yumşalmır, gülü yeməkdə davam edir. Onda hamı Allaha yalvarır ki, onların canını alsın, amma güllə bülbülün eşqinə qıymasın. Onların ah-naləsi qəbul edilir. Hamı bitkiyə çevrilir. Gül, bülbül, xar da üçlükdə bir gülə çevrilirlər. Hər il elə beləcə üçü də birlikdə bitir.