Levon kəndlilərlə halallaşıb getmək istədiyini bildirdi. Kəndin ağsaqqalları onun bu hərəkətini alicənablıq kimi başa düşdülər. Ağsaqqallar ertəsi gün sarayda Levon kəndlilərlə görüşünü təşkil etdilər. Ancaq...
Aşıq Cəlilin silahlı dəstələri hadisədən xəbər tutan kimi köməyə gələrək kənddə qırğın törədən erməniləri atəşə tutdular.Onlar sarayda yananları xilas etməyə çalışırdılar. Levonun kənd evlərini talamaq cəhdi baş tutmadı. O düşündüyü əməliyyatı peşəkar quldur kimi dönə-dönə götür-qoy etmişdi. Yırtıcı xislətli bu adam kəndlilərdən min bir hiylə ilə silah toplayandan sonra kənddə hamını rəhm etmədən qılıncdan keçirib qanına qəltan etmək, qırmaq, var-yoxlarını talamaq, sonra erməni ailələrini bura köçürmək niyyətində idi.
O öz süvarilərini kəndətrafı gəzintiyə çıxaranda Şahablı kəndindən dağ keçidlərinə çıxış yollarını bir daha yoxlamış, qırğın törədən zaman bir adamın da qaça bilməməsi üçün döyüşçülərinə pusqu qurmağı tapşırmışdı. O, döyüşçülərinə tam əminliklə demişdi:
- Kəndliləri inandıra bilmişik, artıq bütün silahlarını təhvil veriblər. Bizə müqavimət göstərən olmayacaq. Heç kəsə rəhminiz gəlməsin, hamını qırın, evləri isə yandırmayın. İsa peyğəmbər özü bu cənnətməkan yeri bizə qismət edib.
Onun ağlına gəlməzdi ki, _______________________ ______________________. İndi isə o, vahimə içində idi, aradan çıxmaq istəyirdi. Ancaq necə? Mühasirə dairəsi daralırdı. Ayağını üzəngiyə qoyub yəhərə qalxanda sağ budu gizildədi, geriyə baxanda bir gözünü itirdi, arxası üstə yerə dəyərək huşunu itirdi. Cangüdənləri onu götürüb dalda yerə çəkildilər.
Qızğın atışma gecəyarıya qədər davam etdi. Şahablılardan şəhid və yaralanan az olmadı. Ancaq silaha sarılan kəndlilər Sultan xanın və Aşıq Cəlilin başçılığı ilə Levonun peşəkar cəllad sürüsünün axırına çıxdılar. Gecə qaranlığında geri çəkilib qaçan yüz əlli erməni süvarisinin yandan çoxunu kəndin kənarında pusqu quran kənd cavanları məhv etdilər.