Kənddə isə çaxnaşma düşdü, hamı məscidin qabağındakı meydana toplandı, ağız deyəni qulaq eşitmirdi. Aslan xan rəsmi görüşü təfsilatı ilə danışdı, axırda öz fikrini dedi:
- Camaat, qırğına yol verməmək üçün hökumətə tabe olmalıyıq, ayrı çarəmiz yoxdur.
Kəblə Qəhrəman da hökumətə tabe olmağı məsləhət gördü.
... Məscidin qabağına toplanan camaat ancaq gecəyarı dağılışdılar. Aşıq Cəlil başda olmaqla min beş yüz bacarıqlı, əlisilahlı cavan Levonun dəstəsini kəndə buraxmamağa, pusqu qurub dərə keçidlərində onları məhv etməyə hazırlıq görürdülər. Aşıq Cəlil dəstə başçıları ilə kənd ağsaqqallarının görüşünə getdi, onların xeyir-duasını istədi. Ağsaqqallar camaatı qırğına verəcəklərindən qorxub razılıq vermədilər.
Aslan xan o gecə sübh açılana qədər yatmadı, ürəyində götür-qoy etdi. Aşıq Cəlilin qurğusu, gənclərin təəssübkeşliyi onun qəlbini qürur hissi ilə doldursa da, hər şeyin sülhlə, əmin-amanlıqla bitəcəyinə inam bəslədi.
...İyun ayı idi. Levon kəndə gəldi. Ağsaqqallar qabağa çıxdı. O, atdan düşdü, hamı ilə görüşdü. Yeməkdən sonra hökumət adından öz şərtini ortaya qoydu:
- Mən beş gün sizin qonağınızam. Əmin-amanlıq xatirinə dövlətin təbəəliyini qəbul etsəniz, onun himayəsi üstünüzdə olacaqdır. Buna görə camaat silahlarını təhvil verməlidir ki, biz də arxayın olaq.