Xeyli keçmiş onun yavaş-yavaş özünə gəldiyini hiss etdim: Vüqarın üzündə həyat əlamətləri sezilirdi. Bir neçə saat da keçdi. Vüqar gözlərini açıb təəccüblə mənə baxdı, harada olduğunu soruşdu. Özümün də, onun da düşmən əsirliyində olduğumuzu söylədim. Vallah bilsəydim ki, bu cür hərəkət edəcək, heç bunu ona deməzdim...
Məndən bu sözləri eşidəndən sonra o, “Azərbaycan zabiti düşmənə əsir düşməz”, - deyib qolundakı sistemi çıxarıb bir kənara tulladı. Nə qədər çalışsam da, onu sakitləşdirə bilmədim. Səs-küyə hamı gəldi. Artıq gec idi. Sistemi çıxarmaqla, yaralarının sarğı və tikişlərini qoparmaqla o özünə qəsd etmişdi. Vüqar əsirlik həyatını zabitlik şərəfinə sığışdırmadı. Onun cəsarəti, mərd və kişiyana hərəkəti hətta düşməni də heyrətləndirmişdi.
...Vüqarı Kürdmahmudlu kəndindən bir az aralıdakı təpənin ətəyində torpağa tapşırdıq. İndi hələlik oralar düşməndədir. İnşallah, kənd Ermənilərdən silahlı qüvvələrindən azad olunandan sonra Vüqarın dəfn olunduğu yeri sizə göstərə bilərəm.
Məryəm bir qədər susub sözünə davam etdi:
- Qış günlərinin birində Füzuli rayonunun həm Kürdmahmudlu, həm də başqa kəndlərinin azad olunduğunu eşidib sevindim. Ləngimədən Beyləqana gedib Səxavətlə görüşdüm. Biz Vüqarın dəfn olunduğu kəndə getdik.
Bu söhbətdən aylar keçdi. Cəmil kişi nə vaxt idi, Məryəmi görmürdü. Bir gün Vüqarın məzarını ziyarət etmək qərarına gəldi. Təpəyə yaxınlaşanda gözlərinə inanmadı. Vüqarın məzarı tək deyildi.
Yanında ikincisi vardı...
Vətən uğrunda, xalqının azadlığı uğrunda canından keçmiş insanları unutmayın!
Tanıdığınız, haqqında məlumata malik olduğunuz bu şəxslər haqqında mətn (mətnin formasını seçməkdə sərbəstsiniz) yazıb sosial şəbəkələrdə paylaşın. Onların yaxınlarını ziyarət edin. Müəyyən günlərdə məktəbinizdə onlarla görüş təşkil edin.