Deyilənə görə, qədim zamanlarda indiki Şüvəlanın ərazisində bahar aylarında o qədər gölməçə yaranarmış ki, burada dəniz quşları və vəhşi ördəklər əlindən tərpənmək olmazmış. Buna görə də Şirvan şahları tez-tez buraya ova gələrmişlər. Guya o vaxtdan bu yer “Şaholan” adlanmış və zaman keçdikcə “Şüvəlan”a çevrilmişdir. Ancaq bu ehtimal əsassızdır. Çünki tarixdən məlumdur ki, şirvanşahların, sonralar isə Bakı xanlarının ov məskəni Zirə tərəf olmuşdur. Əslində, “Şüvəlan” sözü buranın coğrafi şəraiti ilə əlaqədar olaraq yaranmışdır. Şüvəlanda, demək olar ki, hər tərəfdən dənizə tərəf enişlər başlayır. Həmin enişlərə görə bu yer Şüvəlan adlanır. Farsca “şiv” sözünün mənası “eniş” deməkdir. Həmin sözün (sonuna, axırına) məkan bildirən “lan” şəkilçisini artırmaqla “Şüvəlan” sözü yaranmışdır.
Vaxtilə içmək üçün ən yararlı su Şüvəlanda olmuşdur. Burada su qayanın (altından, dibindən) çıxırdı. Buna görə də bu ərazidə çoxlu pambıq əkilirdi. Abşeronda əkilən pambığın çox hissəsi Şüvəlanın hesabına düşürdü. Pambıqla (birlikdə, yanaşı) bu yerdə zəfəran da əkilərdi. Hələ Bakı xanlıqları dövründə burada salınmış üzüm bağlarının şöhrəti hər yerə yayılmışdı. Bakılılar üzümdən doşab, sirkə, abqora, mövüc hazırlayırdılar. Şüvəlanın (təmiz, saf) iqlimi, şirin suyu sonralar adamların bu yerlərdə məskən salmalarına səbəb oldu. XIX əsrin ortalarından başlayaraq, bakılılar bu yeri özləri üçün yaylaq yeri seçdilər.