5.5.1. | bir ərazi vahidi hüdudları daxilində eyni növlü coğrafi obyektlərin adları təkrarlandıqda; |
5.5.2. | coğrafi obyektin tarixi adını bərpa etmək zərurəti yarandıqda; |
5.5.3. | coğrafi obyektin funksiyası və ya təyinatı əhəmiyyətli dərəcədə dəyişdikdə; |
5.5.4. | coğrafi obyektin adı bu Qanunun 5.2-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda. |
5.6. Coğrafi obyektin adının dəyişdirilməsi zamanı müvafiq ərazinin əhalisinin rəyinin nəzərə alınmasına dair tələb coğrafi obyektin tarixi adının bərpa edilməsi, habelə coğrafi obyektin iki və daha çox inzibati ərazi vahidləri ərazisində yerləşdiyi hallarına şamil edilmir.
5.7. Coğrafi obyektə ad verilərkən müvafiq ərazinin əhalisinin rəyinin nəzərə alınmasına dair tələb coğrafi obyektin iki və daha çox inzibati ərazi vahidi ərazisində yerləşdiyi hallarına şamil edilmir.
Maddə 6. Coğrafi obyektlərə adların verilməsi və coğrafi obyektlərin adlarının dəyişdirilməsi qaydası
6.1. Coğrafi obyektlərə adların verilməsi və ya coğrafi obyektlərin adlarının dəyişdirilməsi haqqında təkliflər müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının dövlət orqanları, yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, hüquqi şəxslər və Azərbaycan Respublikasının vətəndaşları tərəfindən verilə bilər.
6.2. Coğrafi obyektlərə adların verilməsi və ya onların adlarının dəyişdirilməsi haqqında təkliflər və həmin təklifləri əsaslandıran sənədlər müvafiq normativ hüquqi aktlara uyğun hazırlanır.
6.3. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 6.1-ci maddəsində göstərilən təkliflərə baxır və onları məqbul hesab etdikdə bu Qanunla tələb olunan hallarda müvafiq ərazidə yaşayan əhalinin rəyini öyrənir və əhalinin müsbət rəyi olduqda coğrafi obyektə ad verilməsi və ya coğrafi obyektin adının dəyişdirilməsi barədə qərar qəbul edir.
Maddə 7. Coğrafi obyektlərin adlarının dəqiqləşdirilməsi və işlədilməsi
7.1. Coğrafi obyektlərin adlarının dəqiqləşdirilməsi zamanı tarixi, mədəni, etnik, dil və digər xüsusiyyətlər, habelə xüsusi elmi tədqiqatların nəticələri nəzərə alınmalıdır.
7.2. Coğrafi obyektlərin adlarının dəqiqləşdirilməsi “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
7.3. Azərbaycan Respublikasının ərazisindəki yol nişanlarında, reklamlarda, lövhələrdə və digər göstəricilərdə coğrafi obyektlərin adları dövlət dilində yazılır.