Uşaqlar üçün şeir yazmaq ağırdır, çətindir, məsuliyyətlidir... Amma nədənsə, müasir ədəbiyyatımıza nəzər saldıqda uşaqlar üçün yazanların əksəriyyətinin belə düşünmədiyini fikirləşirsən. Sanki kiçik oxucu bir az ciddi qəbul edilmir. Uşaq şeirinin bazar təqdimatı (nəşr görünüşü, rəssam işi, dizayn-tərtibat və s.) üzərində daha çox işlənilir. Mətn keyfiyyəti isə arxa plana keçir.
Halbuki istər ümumilikdə Azərbaycan ədəbiyyatının, istərsə sovet dövrü ədəbiyyatının təcrübəsində gözəl uşaq şeirləri yaradanlar “Uşaq şeirindən nə tələb olunmalıdır?” sualının cavabını yetərincə dəqiq bilirdilər. Belə olmasaydı, yaddaşlarımıza köçən Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Səməd Vurğun, Mirvarid Dilbazi, Xanımana Əlibəyli və s. ... şeirləri olmazdı...
Biz müstəqillik illərində yazılmış Azərbaycanda uşaq şeirləri haqqında danışacağıq. Əlbəttə, bu məsələ dəfələrlə müzakirə edilmişdir. Elmi səviyyədə də, yaradıcılıq təşkilatlarının iştirakı ilə də, mətbuatda da...
Gəlin baxaq görək, “müstəqillik illərinin uşaq şairi” dedikdə ilk olaraq kimlər yada düşür? Yenə də İlyas Tapdıq, yenə də Zahid Xəlil, sonrakı nəsildən Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, daha sonrakı nəsildən Sevinc Nuruqızı...
Biz uşaq şairi dedikdə ilk olaraq İlyas Tapdıq və Zahid Xəlilin adları üzərində dayanmalı oluruq. Bu, sadəcə, nostalji hissi, ya da, sadəcə, tanınmış imza məsələsi deyil. O yaradıcılıqlara nəzər saldıqda professionallıq bir yana, uşaq şeirinin gözəlliklərini görə bilərik.
Məsələn, Zahid Xəlilin hələ 1979-cu ildə dərc olunan “Torağaylar oxuyur” kitabına nəzər salaq. Bu şeirlər bu gün belə aktualdır, müasirdir. Şairin yaradıcılığı təbiətin, onun çalarlarının, rənglərinin, təbiət hadisələrinin, ətraf mühitin və orada yaşananların təsviri baxımından çox dəyərli xüsusiyyətlərə malikdir. O uşaqda elə bir obrazlı təfəkkür formalaşdıra, təbiət hadisəsini elə bir şəkildə yaddaşa köçürə bilir ki, bunun unudulması mümkün deyil. Eyni zamanda uşaq bu şeirlərlə təbiəti duymağı öyrənir.
Oxşar fikirləri İlyas Tapdığın yaradıcılığı haqqında da söyləyə bilərik. Bütün yaradıcılığını, həyatını bu istiqamətdə fəaliyyətə sərf edən şairin əvvəlki deyil, son illərə aid bir kitabına da nəzər saldıqda təəssürat, qənaət dəyişməz qalır.