1911-ci ilin baharı idi. Eşitdim ki, istedadlı şairimiz Sabir bərk xəstələnmişdir. Mirzə Cəlil ona məktub yazıb müalicə üçün Tiflisə dəvət edir. Sabir dəvəti qəbul edib təşrif buyurdu. Biz onun müalicəsi üçün əlimizdən gələni əsirgəmirdik.
Sabir nurani, mehriban bir şəxs olmaqla yanaşı, baməzə söhbətlər edən biri idi.
Mirzə Cəlil həkimləri çağırıb konsilium təşkil etdi. Məlum oldu ki, Sabirin böyrəyində daş vardır. Daşı çıxarmaq üçün təşrih etmək məsləhət görüldü.
Nə qədər dilə tutduqsa, Sabir buna razılıq vermədi. Həkimlərə: “Mən portmanat deyiləm ki, məni açasınız, baxasınız, yenidən bağlayasınız”, - cavabını verdi.
2 ay bizdə yaşadıqdan sonra onu böyük təəssüflə yola saldıq.
1943-cü ilin yazında Kuban uğrunda gedən döyüşlərin birində əsgər Nurqaliyev ağır yaralanmışdı: düşmənin 48 millimetrlik partlamamış mərmisi onun sağ baldırını dəlmiş və uc hissəsi onun qanlı yarasından kənara çıxmışdı. Huşunu itirən döyüşçünün çatdırıldığı tibb məntəqəsində dərhal qərara gəldilər ki, aşağı ətraf mina ilə birlikdə amputasiya ediləcək, sonra isə zərərsizləşdiriləcək.
- Oğlan lap cavandır, bəlkə, ayağını xilas eləməyə çalışaq? - deyə baş həkim Vəli Axundov təklif etdi.
Bu, asan qərar deyildi - həkimlər həyatlarını riskə atırdılar. Axı əməliyyat zamanı mina partlaya da bilərdi. Əməliyyat otağında Vəli Axundovdan başqa, gənc həkimə könüllü şəkildə kömək etməyə gələn yalnız bir tibb bacısı vardı. Bütün bu vaxt ərzində əməliyyat otağından aralıda minaaxtaranlar növbə çəkirdilər. Əməliyyat zamanı yaradan uğurla çıxarılan mina sarğı materiallarına büründü və xüsusi qaba qoyulandan sonra zərərsizləşdirilmək üçün minaaxta- ranlara təhvil verildi.
Maraqlıdır ki, qəzetdə məqalə çıxandan bir ay sonra Baykal-Amur magistralında işləyən gənc bir həkim ona reaksiya verdi. Qəzetdə gedən yazı onu tamamilə sarsıdıbmış, çünki təsvir olunan hadisəni o, hələ uşaq ikən anasından eşidibmiş. O qadın Yelizaveta Suqak imiş və döyüşçü Nurqaliyevin xilası üzrə unikal əməliyyat zamanı Vəli Axundova tibb bacısı kimi kömək edirmiş.