Bir sözlə, üç saat davam edən görüşümüz zamanı onun həyat və yaradıcılığına ayrı-ayrı aspektlərdən nəzər saldıq.
Ayrılanda bir-iki məsləhət verdi. Dedi ki, verilişi yazmazdan əvvəl onun səsi yazılmış lentlərə qulaq asım. Və yazım mütləq ona göstərim. Razılaşıb necə demişdi, eləcə də etdim. Yazı hazır olanda zəng vurub görüşdük. İyirmi səhifəlik yazını oxuyub, azı, iyirmi yerdə sual işarəsi qoydu. Ən çox da orada onunla olan müsahibəyə ilişdi.
- Ə, bu nədir yazmısan?
- Müsahibədir, Rəşid müəllim.
- Ə, məni lap filosof etmisən. Heç mən belə danışıram?
- Çalışmışam ki, veriliş elmi-populyar və yüksək intellektual səviyyədə olsun.
- Ə, məni dağa-daşa salma. Xalqım necə danışır, eləcə danışdır.
- Rəşid müəllim, siz böyük müğənnisiniz. Gərək hər şeyə elmi mövqedən yanaşıb qiymət verəsiniz.
- Qurtardı! Apar bunları düzəlt, sonra gətir.
Vəziyyətdən çıxmaq üçün tez belə variant təklif etdim:
- Rəşid müəllim, bəlkə mən sualları hazırlayım, siz necə istəyirsiniz, elə cavab verin.
Həmişə gülümsəyən çöhrəsi dəyişdi. Hirslənib hücuma keçdi.
- Ə, niyə hamınız asan yolla getməyə çalışırsınız? Nə olar, bir az əziyyətə qatlaşın də. Mən ömrüm boyu əziyyət çəkmişəm. Bu əziyyətlər məni bədbəxt yox, xoşbəxt eləyib... İnandırım, zəhmətə qatlaşsanız, siz də xoşbəxt olarsınız. Amma asan yolla getsəniz, axırınız heç nədir...
Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:
- Mənim anam kimdir?
Öz-özümə də cavab verirəm ki:
- Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi.
- Dilim nə dilidir?
- Azərbaycan dili!
- Yəni Vətənim haradır?
- Azərbaycan vilayətidir.
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir.