1973-cü ilin ilk günləri idi. O vaxtlar respublika radiosunun baş musiqi redaksiyası ilə sıx yaradıcılıq əlaqəsi saxlayırdım. Bir gün mənə Rəşid Behbudov haqqında böyük veriliş hazırlamaq tapşırıldı. Sözün doğrusu, bu, mənim üçün çox gözlənilməz oldu. Dedim görəsən burda nə sirr var, redaksiyanın özündə yaxşı qələmli adamlar ola-ola bu mövzunu mənə tapşırıblar Yaxından tanıdığım qələm dostlarımdan biri zarafata salıb bu suala belə cavab verdi: həmin mövzunu səni çox istədikləri üçün yox, Rəşid Behbudovun çox çətin və ərköyün təbiəti olduğuna görə sənə tapşırıblar. Gec-tez özün də bunun şahidi olacaqsan. Səni o qədər get-gələ salacaq ki, axırda onunla görüşməyinin peşimançılığını çəkəcəksən...
Qələm dostum necə demişdi, eləcə də oldu. Çox çətinliklə yanvarın 8-də onu tapdım, iş yerində - A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında görüşdük. Məni çox soyuq qarşıladı.Mətləbə keçməzdən əvvəl ordan-burdan, havanın soyuqluğundan, mahnı teatrı üçün ürəyi istəyən - məşq zalının olmamasından danışdı. Elə ki onun həyat və yaradıcılığının ayrı-ayrı dövrlərindən konkret faktlar əsasında söhbət saldım, özü də hiss etmədən qızışdı. Xatirələr cığırı ilə uzaq-uzaq illərə gedib çıxdı. Babası Behbudalının Şuşadakı kiçik bəzzaz dükanından, atası Məcid Behbudovun xanəndəlik məharətindən, anası Firuzə xanımın müəllimlik fəaliyyətindən, qayğıkeşliyindən, özünün sənətə gəlişindən, dəmir yol texnikumunda oxumasından, Tiflisdə “Müştəyid” bağında müğənnilik etməsindən, ordu ansamblında, qonşu respublikanın caz orkestrində, opera teatrı səhnəsində uğurlu çıxışlarından danışdı. Müasir musiqinin, ifaçılıq sənətinin problemlərindən söz açdı.