Dünyanın ən qədim şəhərlərindən olan Qüds (Yerusəlim) üç dinin (yəhudilik, xristian, islam) müqəddəs
şəhəri sayılır. Xristianların inancına görə İsa peyğəmbər burada dəfn edilmişdir.
Müsəlman dünyasının üçüncü müqəddəs məscidi olan Əl-Əqsa bu şəhərdə yerləşir. Yəhudilər
Süleyman məbədinin bu şəhərdə yerləşdiyinə inanır. Sonradan məbəd Roma tərəfindən dağıdılmışdır.
Qüds şəhəri VII yüzillikdən Ərəb xilafətinin tərkibində idi. XI yüzillikdə Səlcuq dövləti Qüdsü öz
hakimiyyəti altına almışdı.
Müsəlmanların hakimiyyəti dövründə xristian və yəhudilər şəhərdə sərbəst yaşayır, hərə öz dini ayinlərini
azad şəkildə həyata keçirirdi.
Roma papası 1095-ci ildə çıxış
edərək bütün xristianları "İsanın
qəbri"ni azad etmək, Fələstində
"müqəddəs torpaqlar"ı müsəlmanlardan
təmizləmək uğrunda
yürüşə başlamağa səslədi.
Papanın çıxışını dinləyən
feodal-cəngavərlər elə orada
yaxalarına xaç vurub yürüşə
hazır olduqlarını bildirdilər.
Tezliklə papanın çağırışı bütün
Avropaya yayıldı. Bu Avropada
böyük həyəcana, coşquya
səbəb oldu. Hər yerdə yürüşə
hazırlıq görülməyə başlanıldı.
Yürüş iştirakçılarının tərkibi və
məqsədləri müxtəlif idi. Kəndlilərin
yürüşdə əsas məqsədləri
feodal istismarından canlarını
qurtarmaq, torpağa sahib
olmaq idi. Feodallar yeni torpaqlar
və kəndlilər əldə edərək
Şərq ölkələrini qarət etmək
ümidində idilər. Papa müsəlmanları
və Şərq xristianlarını
katolikləşdirməklə Romanın
mövqeyini gücləndirməyə,
hakimiyyətini genişləndirib
gəlirlərini artırmağa çalışırdı.
1096-cı ildə birinci xaçlı yürüşü
başlandı. Yürüşə əvvəlcə kəndlilər
başladılar. Pis silahlanmış,
hərbi işi bilməyən kəndlilər səlcuqlar
tərəfindən darmadağın
edildilər. Bunun ardınca yaxşı
silahlanmış, döyüş təcrübəsi
olan feodallar yürüşə başladılar.
1099-cu ildə Qüdsə daxil olan
səlibçi ordusu müsəlman və
yəhudi əhaliyə qarşı dəhşətli
qırğın törətdi.
Aralıq dənizinin şərq sahilləri
boyunca ələ keçirilmiş ərazilərdə
səlibçilər öz dövlətlərini
yaratdılar. Fələstini idarə edən
Qüds krallığı səlibçi dövlətlərin
başçısı sayılırdı.