Osmanlı dövlətində bütün
hakimiyyət sultana məxsus idi.
XVI yüzilliyin 20-ci illərindən
başlayaraq Osmanlı sultanları
həm də bütün dünya müsəlmanlarının
xəlifəsi elan edildi.
Sultandan sonra dövlətdə ikinci
vəzifəli şəxs baş vəzir idi. Bu
vəzifəyə sultanın yaxın qohumu
təyin olunurdu. Baş vəzir vilayətlərin
idarəçiliyinə, vergilərin
toplanmasına nəzarət edir,
sultanın möhürünü saxlayırdı.
Ali məsləhət şurası Divan adlanırdı.
Maliyyə işlərinə dəftərdar
nəzarət edirdi.
Əhali iki hissəyə ayrılırdı: idarə
edənlər və idarə olunanlar.
İdarə edənlər dedikdə dövlətin
silahlı qüvvələrində və idarəçiliyində
vəzifə tutanlar nəzərdə
tutulurdu. İdarə olunanlar isə
ümumi şəkildə rəiyyət adlanırdı.
Osmanlı silahlı qüvvələri
içərisində yüngül silahlanmış
süvarilər və piyada yeniçərilər
mühüm rol oynayırdı. Yeniçərilər,
əsasən, valideynsiz qalan
uşaqlardan təşkil olunurdu.
Onlar xüsusi hərbi məktəblərdə
təlim keçdikdən sonra yeniçəri
birliyinə daxil olurdular.
Torpaqların əksəriyyəti dövlətə
məxsus idi. Əsgərlərə, xırda
dövlət məmurlarına verilən
torpaq sahələri timar adlanırdı.
XIV yüzilliyin sonlarından başlayaraq
qoşun başçılarına və iri
məmurlara ziyamət adlı daha
geniş torpaq sahələri verilməyə
başlanıldı.