XVI yüzilliyin əvvəllərində Hindistanda dağınıq halda olan Dehli sultanlığı və bir sıra müstəqil hakimlər var idi. Əmir Teymurun nəslindən olan Babur 1526-cı ildə Dehli sultanlığına hücum etdi. Həlledici döyüş Panipat yaxınlığında baş verdi. Babur qalib gələrək Dehli sultanlığının varlığına son qoydu. Hindistanda yeni türk dövlətinin - Böyük Moğol dövlətinin əsası qoyuldu. Aqra yeni dövlətin paytaxtı oldu. Babur şah bir sıra hind hakimlərini məğlub edib Hindistanda hakimiyyətini gücləndirdi.
Onun "Baburnamə"si Yuli Sezarın "Xatirə"lərindən daha ciddi və daha səmimidir. Belə ki Babur düşmənlərinin qüsurlarını sayarkən onların üstün cəhətlərini də qeyd etmiş, mərdanəlik göstərmişdir.
İki böyük sərkərdənin - Çingiz xan və Əmir Teymurun varisi olmasına baxmayaraq, öz şəxsi zəkası və fəaliyyəti ilə Hindistanda elə bir səltənət yaratmışdı ki, bu türk səltənəti sonda Hindistanda müsəlman türk və buddist hindlilərinin qarışığından yeni bir xalqın - Pakistan xalqının tarix səhnəsinə çıxmasına səbəb olmuşdu.
Əkbər şahın hakimiyyət illəri (1556-1605) Böyük Moğol dövlətinin ən güclü dövrü hesab olunur. O, lazımi tədbirlər görərək daxili sabitliyi təmin etdi. Sosial dəyişikliklər nəticəsində Hindistanda dini dözümlülük möhkəmləndirildi, hindlilərlə müsəlmanların hüquq bərabərliyi təmin olundu. Əkbər şah uğurlu xarici siyasət yürüdərək Osmanlı, Səfəvi, Özbək və Portuqaliya dövlətləri ilə yaxşı əlaqələr qurdu.