Qızıl Ordunun zəifləməsindən
istifadə edən rus knyazları
Moskva knyazı ətrafında
birləşərək 1380-ci ildə Kulikovo
çölündə Mamay xanı ağır
məğlubiyyətə uğratdılar.
Əmir Teymurun köməyi ilə taxta
çıxan Toxtamış xan 1382-ci
ildə Moskvanı tutdu və Teymurdan
asılı olan ölkələrə qarətçi
yürüşlər təşkil etdi. Bu hadisələr
Əmir Teymurla toqquşmalara
gətirib çıxardı. 1395-ci ildə
Terek çayı sahilində Toxtamış
xan məğlub oldu. Qızıl Ordunun
şərq vilayətləri Teymurilər
dövlətinin tərkibinə qatıldı. Bu
hadisələrdən sonra Qızıl Ordu
bir daha özünə gələ bilmədi və
parçalanmağa başladı. Ara müharibələri
nəticəsində XV yüzillikdə
Qızıl Ordunun tərkibindən
bir sıra ərazilər ayrıldı. Qazan,
Həştərxan, Krım xanlıqları və
Noqay Ordusu kimi müstəqil
dövlətlər yarandı.
Qızıl Ordu dövlətinin itirilmiş
qüdrətini bərpa etmək arzusuna
düşən Əhməd xan 1480-ci
ildə Moskva knyazlığı üzərinə
yürüş etdi. Uqra çayı sahilində
birləşmiş rus knyazları ilə
qarşılaşan Əhməd xan onlarla
toqquşmaqdan çəkindi. Tarixdə
"Uqra görüşü" kimi tanınan
hadisələr nəticəsində Moskva
knyazlığının Qızıl Ordudan vassal asılılığına son qoyuldu. Daxili çəkişmələrə və ara müharibələrinə məruz qalan Qızıl Ordu dövləti XVI yüzilliyin əvvəllərində süqut etdi.