Çingiz xan hələ sağlığında
böyük imperatorluğu oğlanları
arasında bölüşdürmüşdü.
Xarəzm, Şimali Qafqaz, Qıpçaq
çölü və gələcəkdə qərbə tərəf
işğallar zamanı əldə olunan
ərazilər onun böyük oğlu
Cuciyə verilmişdi. Cuci xanın
ölümündən sonra həmin
ərazilər oğlu Batı xana verildi.
Monqolların qərbə yürüşləri
nəticəsində XIII yüzilliyin 40-cı
illərində Qızıl Ordu dövlətinin
əsası qoyuldu. Dövlətin ilk paytaxtı
idil çayı sahilində salınmış
Saray Batı şəhəri idi.
Qızıl Ordu adı monqol dilində
çadır mənasını verən "ordu"
sözündən əmələ gəlmişdir.
Xanların düşərgələrində xan
çadırının üstü qızılı rəngdə
örtüklə örtüldüyü üçün bu
çadırın adı "Qızıl ordu" adlanırdı.
Zaman keçdikcə Cuci ulusu
kimi də xatırlanan bu dövlət
Qızıl Ordu dövləti kimi tanınmağa
başladı.
İlk vaxtlar Böyük Monqol imperatorluğundan
asılı olan Qızıl
Ordu XIII yüzilliyin sonlarında
tam müstəqil idarə olunmağa
başladı. Geniş torpaqlara sahib
olan Qızıl Ordunun ərazisində
yaşayan xalqlar içərisində türklər
çoxluq təşkil edirdi. Azlıqda
qalan köçmə monqollar türk
tayfaları ilə qaynayıb qarışaraq
onların dilini, adət-ənənələrini
mənimsədilər. Özbək xanın
hakimiyyəti dövründə İslam dininin
qəbul olunması ilə ölkədə
türkləşmə prosesi başa çatdı.
Qızıl Ordu dövlətinin başında
böyük xan adlandırılan
hökmdar dururdu. Onun
yanında məşvərət orqanı kimi
ali məclis fəaliyyət göstərirdi.
Vergiləri baskak adlı məmurlar
toplayırdı. Qızıl Orduda feodal
münasibətlər formalaşırdı. Feodallar
içərisində bəzi imtiyazlı
şəxslər - tarxanlar vergidən
azad olunmaları haqqında
böyük xandan yarlıq (fərman)
alırdılar.
Məmur özbaşınalıqları, vergilərin
çoxluğu xalqın narazılığını
artırırdı. Baş verən üsyanlar
monqol ağalığına zərbə vurur,
tabe olan ölkələrin müstəqillik
meyillərinə təkan olurdu.