Xarəzmşahın oğlu Cəlaləddini
təqib edən Cəbə və Subutayın
orduları İrandan keçərək
Cənubi Qafqaza qədər irəlilədi.
Bu yürüşlər gələcəkdə Cənubi
Qafqazın işğalı üçün zəmin
yaratdı. Monqollar 1222-ci ildə
Dərbənd keçidindən keçərək
Şimali Qafqaza gəldilər. Burada
birləşmiş rus-qıpçaq qoşunlarını
məğlub edib ölkələrinə
qayıtdılar.
Köçəri monqolların oturaq
əkinçilik bölgələrinə basqınları
viranedici idi. Çingiz xan
və onun sərkərdələri əkinçilik
bölgələrinin və şəhərlərin
dağıdılmasını, onların əhalisinin
məhv edilməsini ənənəyə
çevirdi. Belə bir taktikanın
seçilməsinə səbəb işğal edilmiş
geniş əraziləri nəzarət altında
saxlamaq üçün monqolların
ordusunun yetərli olmaması
idi. Müqavimət göstərə biləcək
əhalinin kütləvi qırğınlarında
əsas məqsəd xalqları qorxutmaq,
zəiflətmək və yerlərdə
işğalçılara qarşı üsyanların
qarşısını almaq idi.
1235-ci ildə paytaxt Qaraqorumda
keçirilən qurultayda rus
çöllərinə və Avropanın cənub-şərq
hissəsinə yürüşlər etmək
haqqında qərar qəbul olundu.
Çingiz xanın nəvəsi Batı xanın
başçılıq etdiyi monqol ordusu
İdil bulqarlarını və rus knyazlarını
tabe etdi, Polşa, Macarıstan
və Çexiyaya daxil oldu.
Böyük Monqol xaqanının ölüm
xəbəri Batı xanın yürüşlərinin
dayanmasına səbəb oldu. Uzunmüddətli
yürüşlər nəticəsində
əsgərlərin yorulması, ordu sıralarının
pozulması, işğal edilən ərazilərdə
baş verən xalq üsyanları
Batı xanın Avropanın içərilərinə
irəliləməsinə mane oldu.
Xubilay xanın hakimiyyəti dövründə
paytaxt Qaraqorumdan
Pekinə köçürüldü. O, Cənubi
Çİnİ işğal edib 1271-ci ildə özünü
Çin imperatoru elan etdi və
Yuan sülaləsinin əsasını qoydu.
XIV yüzilliyin əvvəllərində
Monqol imperiyası parçalandı
və onun geniş ərazilərində
müstəqil feodal dövlətləri yarandı.
Bir müddət sonra Çində
baş verən üsyan nəticəsində
Yuan monqol sülaləsinin hakimiyyətinə
son qoyuldu.