Monqolların uğurları, əsasən,
Çingiz xanın iti ağlı və uzaqgörən
xüsusiyyətləri ilə əlaqədar
idi. Çingiz xan ən çətin
anlarda müstəqil və doğru
qərarları ilə hakimiyyətini
möhkəmləndirirdi. Hətta tabe
edilən ərazilərdə baş verən
üsyanları qəddarlıqla yatırır,
kütləvi qətliamlardan çəkinmirdi.
Ordusunda ciddi nizam-intizam
yaradaraq qanunlara tabe
olmayanları edam etdirirdi.
Çingiz xan geniş işğallara
başlamaq üçün güclü ordu
yaratmalı idi. Bu məqsədlə tabe
edilən ərazilərin hamısı göndərdikləri
əsgərlərin sayına uyğun
olaraq onluqlara, yüzlüklərə və
minliklərə bölündü. Çingiz xan
tayfa başçılarına və noyonlara
ordudakı əsgərlərin sayından
asılı olaraq onbaşı, yüzbaşı və
minbaşı rütbələri verdi.
Monqolların qanunlar məcəlləsi "Böyük yasa" və ya "Çingiz xan yasalan" adlanır. Çingiz xan bu yasalarında itaət altına alınmış xalqları ədalətlə idarə etməyi hədəfə almışdı. Hamı
"Böyük yasa"ya and içməli və onun bütün maddələrinə sözsüz əməl etməli idi. Bu yasalar müqəddəs hesab olunur, tabe olmayanlar ölümlə cəzalandırılırdı. "Böyük Yasa"ya görə bütün tabe edilmiş torpaqlar və xalqlar xan nəslinin mülkiyyəti sayılırdı. Bu səbəbdən Çingiz xan onları oğulları arasında uluslara böldü.