Aristotelin əsərlərinin izahını
verdiyinə görə böyük alim
Fərabini "ikinci müəllim" adlandırırdılar.
Fərabi də Aristotel
kimi elmi biliklərin təsnifatını
vermişdir.
Xarəzmdə yaşamış Əbu Reyhan əl-Biruni müxtəlif elm sahələri ilə məşğul olmuş, Şərqdə diametri təqribən 5 metrə yaxın olan ilk qlobusu düzəltmişdi. O, Yerin Günəş ətrafında fırlanması fikrini irəli sürmüşdü.
"Elmlərin şeyxi" adlandırılan
məşhur müsəlman alimi İbn
Sina tibbə dair əsərləri ilə
şöhrət qazanmışdı. Görkəmli
Azərbaycan alimi Bəhmənyarın
müəllimi olmuş İbn Sinanın
əsərləri uzun müddət Şərqdə
və Avropa ölkələrində tibb üzrə
əsas dərslik olmuşdur. Xilafətdə
tarix elmi də inkişaf etmişdi.
Bəlazuri ərəb işğallarına həsr
olunan ilk tarix əsərini yazmışdı.
Xilafətin iki yüzillik tarixini
qələmə alan Təbəri xürrəmilər
hərəkatı haqqında da məlumat
vermişdi.
Ərəb ədəbiyyatının "qızıl dövrü"
Abbasi xilafətinin hakimiyyəti
dövrünə təsadüf edir. Ərəbdilli
ədəbiyyatın inkişafında xilafətə
daxil olan bütün xalqların nümayəndələri
iştirak edirdi.
Xilafət dövründə memarlıq
çox inkişaf etmişdi. Yeni şəhərlər
salınır, əsil sənət əsəri olan
memarlıq abidələri inşa olunurdu.
Tikililər içərisində əsas
yeri məscidlər tuturdu. Samirə
şəhərindəki Ulu məscid dövrün
gözəl memarlıq nümunəsi idi.
Kitabların üzünün köçürülməsi
nəticəsində xəttatlıq sənəti
inkişaf etməkdə idi. Xilafət
dövründə vahid islam mədəniyyətinin
formalaşması nəticəsində
müsəlman ölkələri dünyanın ən
qabaqcıl ölkələri hesab olunurdu.