Xalqların böyük köçündə iştirak edənlərdən biri də Slavyan tayfaları idi. VI yüzilliyə qədər slavyanlar Qərbdə Elba çayından Şərqdə Volqanın yuxarı axarlarına qədər olan böyük bir ərazidə məskunlaşdılar. Başlıca
məşğuliyyəti əkinçilik olan slavyanlar məhsuldar torpaq axtarışında idilər. Tezliklə onların bir hissəsi Dunay çayı hövzəsinə, oradan da Bizans torpaqlarına - Balkan yarımadasının şimalına köç etməyə başladı. Onlar burada məskunlaşaraq Bizans təbəəliyini qəbul edib vergi verməyə başladılar. VIII yüzillikdə Slavyan tayfalarının parçalanması başa çatdı. Parçalanma nəticəsində slavyanlar Şərq, Qərb və Cənub slavyanlarına bölündü.
IX yüzillikdə Şərq slavyanlarının ilk dövləti Kiyev knyazlığı yarandı. Natural təsərrüfatın hakim olduğu dövlət daxilən möhkəm olmadığı üçün Kiyev knyazlığı tezliklə parçalandı. XIII yüzilliyin əvvəllərində dağınıq rus knyazlıqları monqol hücumuna məruz qaldı. Monqollardan asılı vəziyyətə düşən rus knyazlıqları Qızıl Ordu dövlətinə vergi verməyə başladı.