Dövlətdə ikinci nüfuzlu şəxs
xaqanbəyi hesab olunurdu. O,
xaqan qarşısında sədaqət andı
içib vəzifəsini yerinə yetirməyə
başlamamış odun üstündən
keçməli idi.
Xaqanlığın dövlət dili türk-xəzər
dili idi. Xəzərlər qalıqları
dövrümüzə qədər gəlib
çatmış böyük şəhərlər salmışdılar.
Şəhərlərin əsas əhalisini
mərkəzdə yaşayan türklər
təşkil edirdi. Hər bir şəhərdə
müsəlman, xristian, yəhudi və
tanrıçılığı təmsil edən üzvlərdən
ibarət dövlət məhkəməsi
fəaliyyət göstərirdi.
Dövlətin iqtisadiyyatının əsasını
əkinçilik, maldarlıq, sənətkarlıq
təşkil edirdi. Xəzərlər ticarətdən
əldə etdikləri gəlir, ərazilərindən
keçən karvan yollarından
alınan gömrük, habelə tabe
edilmiş xalqların ödədikləri
vergilər hesabına güclü ordu
qurmuşdular.
Ərəblərlə aparılan uzun sürən
müharibələr, qonşu türk xalqı
olan peçeneqlərin hücumları,
habelə dövlətin ərazisində
müxtəlif dinlərin yayılması
Xəzər xaqanlığının zəifləməsinə
gətirib çıxardı.
Bundan istifadə edən Kiyev
knyazlığı X yüzilliyin 60-cı
illərində xaqanlığın şəhərlərini
talayaraq çoxlu qənimət ələ
keçirdi. Nəticədə Xəzər xaqanlığı
süqut etdi.
Xəzərlərin adı XII yüzilliyə qədər
bəzi mənbələrdə çəkilsə də, onlar
artıq öz əvvəlki qüdrətlərini itirmişdilər.