Qərbi Göytürk dövlətinin varisi olan Xəzər dövlətinin qurulmasında xəzər, barsil, sabir və digər türk tayfaları iştirak etmişdir. Bu tayfalar hələ Xalqların böyük köçündən əvvəl Qafqazda və ona qonşu ərazilərdə yaşayırdılar.
Xəzər dövlətinin paytaxtları Bələncər, Səməndər, daha sonra isə İdil şəhərləri olmuşdur. Xəzərlər sasanilərin Azərbaycanda, eləcə də Cənubi Qafqazda möhkəmlənməsinə imkan vermədilər. Xəzər xaqanlığı Şərqi Avropa tarixində böyük rol oynadı. Bu, dövlət adları çəkildikdə belə qonşu xalqları lərzəyə salan ərəb sərkərdələrinin şimala doğru hücumlarının qarşısını aldı.
VIII—IX yüzilliklər Şərqi Avropa tarixində "Xəzər asayişi" dövrü adlanır. Bu dövrdə sıx meşələrdə yaşayan slavyan qəbilələri Xəzər xaqanının icazəsi ilə Desna və Dnepr çayları arasındakı ərazilərə yerləşdilər.
Cənubda ərəb orduları ilə uzun sürən müharibələr aparan xəzərlər şimala doğru çəkildilər. Buradakı meşələrdə yaşayan şərqi slavyan tayfaları xəzərlərə tabe olaraq vergi ödəməyə razılıq verdilər.
Xəzər dövlətinin başında Göytürk
xaqanlarının nəslindən
olan xaqan dururdu.
Qədim türk adətinə görə
xaqan olacaq adamın boynuna
bir neçə yerdən kəmənd
atıldıqdan sonra onu sıxmağa
başlayır və neçə il hökmranlıq
edə biləcəyini soruşurdular.
Əgər xaqan bu mərasim
zamanı söylədiyi vaxtdan çox
hakimiyyətdə qalmaq fikrinə
düşərdisə, onu hakimiyyətdən
uzaqlaşdırırdılar.