Göytürk xaqanlığı

Muğan və İstəminin vəfatından sonra Göytürk dövlətində varislər arasında hakimiyyət uğrunda mübarizə başladı.

Anaları çinli olan şahzadələrin Çinlə yaxınlaşma cəhdləri və türk inanclarına yad olan buddizmi yaymaq istəkləri dövlət daxilindəki ziddiyyətləri daha da artırdı. Nəticədə VI yüzilliyin 80-ci illərində dövlət iki hissəyə - Şərqi və Qərbi Göytürk dövlətlərinə parçalandı. Dövlətin parçalanması onun iqtisadi və hərbi qüdrətini zəiflətdi. Bu vəziyyətdən istifadə edən düşmən dövlətlər, xüsusilə Çin mövqeyini möhkəmlətməyə nail oldu. Çinlilər VII yüzilliyin 30-cu illərində Şərqi Göytürk, 50-ci illərində isə Qərbi Göytürk dövlətini asılı hala saldılar.

I Göytürk dövlətinin parçalanma səbəbləri hansılardır?

İkinci Göytürk xaqanlığı

Əsarət altında qalmaqla barışmayan türklər tez-tez üsyanlar edir, azad olmaq uğrunda canlarını fəda etməkdən belə çəkinmirdilər. Belə üsyanlardan biri 639-cu ildə təcrübəsindən istifadə etmək üçün çinlilərin öz ordularına daxil etdikləri türk sərkərdəsi Kür Şadın başçılığı ilə oldu. Üsyanda iştirak edən 40 nəfər qəhrəmancasına vuruşsa da, məğlub oldu.

VII yüzilliyin 80-ci illərində azadlıq mübarizəsi həlledici mərhələyə daxil oldu. Bu mübarizəyə başçılıq edən Qutluq xan qalib gəldi. Beləliklə, 682-ci ildə Çin əsarətinə son qoyularaq müstəqillikləri bərpa edildi və II Göytürk dövləti yaradıldı.

Qutluq xan İltəris xaqan adı ilə dövlətin ilk hökmdarı oldu. Ötükən şəhəri isə yenidən paytaxt oldu.

İltəris xaqan özündən əvvəlki xaqanlardan fərqli olaraq, çinli qızla deyil, türk qızı ilə evləndi. Bununla da çinlilərin türk idarəçiliyinə müdaxiləsinin qarşısı alındı.

Göytürklərin müstəqilliyinin bərpa edilməsində və möhkəmlənməsində həm cəsur sərkərdə, həm də alim olan Tonyukukun da böyük xidmətləri olmuşdur. Sonradan İltərisin yaxın köməkçisi təyin edilən Tonyukuk ordunun və diplomatik işlərin təşkilində səlahiyyətli şəxs oldu.