Hindistanda yaranmış türk dövlətləri dövründə hindmüsəlman mədəniyyəti yüksəlişdə idi. XIII yüzilliyin əvvəllərində Dehli sultanı Qütbəddin Aybək tərəfindən tikdirilən "Qütb minar" adlandırılan minarə bu gün də möhtəşəmliyini saxlamaqdadır. Hündürlüyü 73 metr olan dördsütunlu minarə qırmızı qumdaşı və ağ mərmərdən tikilmişdir.
Osmanlı memarlığının əsas
mərkəzlərindən biri İstanbul
şəhəri idi. Burada türk memarları
tərəfindən inşa edilən Çinili
köşk, Topqapı, Fənərbağça və
başqa saraylar bu gün də
möhtəşəmliyi ilə şəhərə yaraşıq
verir.
O dövrün ən məşhur memarlarından
biri Sinan Xoca
olmuşdur. Onun inşa etdiyi
Şahzadə, Süleymaniyyə və Səlimiyyə
məscidləri kimi memarlıq
abidələri bu gün də əzəmətini
saxlayır.
Bu dövrdə Çin memarları gözəl
saraylar, evlər inşa edir, yuxarıya
doğru qatlanmış, yan çıxıntılı
tağları olan məbədlər-paqodalar
tikirdilər.
Çində bir sıra əhəmiyyətli
mədəni və texniki nailiyyətlər
qazanılmışdı. İlk dəfə not yazısı
ilə musiqi əsərləri yazılmış,
balet meydana gəlmişdi. Barıt
və metal top ixtira edilmişdi.
Çində xüsusi gil növündən hazırlanmış
möhkəm, yarımşəffaf,
cingiltili qablar başqa ölkələrdə
həvəslə alınırdı. Onlara çini
qablar deyilirdi.