Dini baxımdan. Reformasiyaya
qədərki dövrdə almanların
dini həyatı katolik kilsəsinin nəzarəti
altında idi. Almaniyadakı
siyasi hakimiyyətin zəifliyindən
istifadə edən kilsə dini sahədə
olan gücünü iqtisadi gəlir mənbəyinə
çevirmişdi. Belə ki o,
indulgensiya (cənnət qəbzləri)
satışını Almaniyada əsas gəlir
mənbəyinə çevirərək ondan
külli miqdarda pul qazanırdı.
Sosial baxımdan. XVI yüz
illikdə Almaniyada kəndlə
müqayisədə şəhərdə yaşayan
əhalinin sayı az idi. Əhalinin
şəhərdə məskunlaşma səviyyəsi aşağı olduğundan bu, təhsilə də təsirini göstərirdi. Almanların bu dövrdə kəndlərdə yaşaması reformasiyanın başlamasına şərait yaradan amillərdən idi. Almanların özünüdərk prosesində kəndlilərin xüsusilə böyük təsiri olmuşdur. Çünki kəndlilər az təhsilli və ya savadsız olduqlarından latın mədəniyyətinə yad olmuş və almanlılıqlarını şəhərlilərlə müqayisədə daha çox qorumuşlar. Almaniya təkcə siyasi, dini və iqtisadi baxımdan deyil, həm də mədəni cəhətdən də
katolik kilsəsinin təsiri altında idi. Kilsə dini ayinlər vasitəsilə latın dilini Almaniyada məcburi dilə çevirməyə səy göstərirdi. Xüsusilə təhsildə latın dilini bilməmək böyük qəbahət hesab edilirdi. Məktəblərdə latın dili dərslərinə hazırlaşmayan və alman dilində danışan şagirdlərə cəza verilirdi. Martin Lüter də belə şagirdlərdən biri olmuş, bu da onun gələcək fəaliyyətinə təsir etmişdir.