XI—XIII yüzilliklərdə Fransada
şəhərlər inkişaf etdi və vilayətlər
arasında iqtisadi əlaqələr
genişləndi. Nəticədə feodal
dağınıqlığının aradan qaldırılması
üçün şərait yarandı.
XII yüzillikdən Fransada
mərkəzləşdirmə siyasəti əvvəlcə
ölkənin şimalından başlandı.
Kral hakimiyyəti feodal
özbaşınalığına qarşı mübarizə
aparır, şəhərlərin, sənətkarlıq və
ticarətin inkişafına şərait yaradırdı.
Ona görə də şəhərlər kral
hakimiyyətini müdafiə edirdi.
Mərkəzləşdirilmiş dövlətin
yaranmasına ən böyük maneə
iri feodallar idi. Aralarındakı
aramsız mübarizələr feodalların
zəifləməsinə və kral hakimiyyətinin
güclənməsinə şərait
yaradırdı.
XIII yüzilliyin əvvəllərindən
ölkənin cənub ərazilərinin də
kral hakimiyyəti altında birləşdirilməsi
başlandı. Tezliklə Tuluza
qraflığı birləşdirildi.
Tuluza qraflığının birləşdirilməsi
İngiltərə işğalı altında olan
Fransanın cənub-qərb hissəsinin
azad edilməsinə şərait
yaratdı. Artıq Fransa ərazisinin
kiçik hissəsi İngiltərə işğalı
altında idi.
Krala tabe ərazilərin genişlənməsi
onların mərkəzdən idarə
olunmasını zəruri edirdi. Bu
ərazilər kral tərəfindən təyin
edilən məmurlar tərəfindən
idarə olunurdu.
Hakimiyyətin güclənməsi üçün
bir sıra islahatlar aparıldı. Kral
məhkəməsi mərkəzi hakimiyyətə
tabe olan bütün ərazilərdə
ali məhkəməyə çevrildi. Mərkəzi
hakimiyyətlə yerli hakimiyyət
orqanları arasında əlaqə
yaratmaq məqsədilə xüsusi kral
müfəttişləri təyin edildi. Kral
torpaqlarında vahid pul sistemi
tətbiq edildi. Ölkənin hər yerində
yerli pullarla yanaşı, kralın
pul vahidi də qəbul olunmalı
idi. Bu, Fransanın iqtisadi cəhətdən
birləşdirilməsinə kömək
etdi. Kral pulları tədricən yerli
pulları sıxışdırıb çıxardı.
XIV yüzilliyin əvvəllərində
şəhərlərdə sənətkarlıq və
ticarətin inkişafı kənd təsərrüfatında
da əmtəə-pul münasibətlərinin
genişlənməsinə
səbəb oldu. Bu dövrdə kralın
mülkləri ölkənin çox hissəsini
əhatə edirdi.
IV Gözəl Filipp siyasi cəhətdən
formal olaraq Fransa
krallığından asılı olan və zəngin
şəhərləri ilə tanınan Flandriyanı
birləşdirməyə cəhd göstərdi.
Lakin burada üsyan baş verdi.
Hərbi əməliyyatlar nəticəsində
IV Filipp yalnız bir neçə şəhəri
əldə saxlaya bildi. Aramsız müharibələr
çoxlu pul tələb etdiyindən
kral vergiləri artırmışdı.
IV Filippin kilsə torpaqlarına da
vergilər qoyması Roma papası
ilə münaqişəyə səbəb oldu. O,
Papaya qarşı mübarizədə ölkənin
bütün təbəqələrinin dəstəyini
qazanmaq üçün 1302-ci
ildə Baş ştatlar adlanan məclis çağırdı. Bu mübarizədə qalib gələn Fransa kralı Roma papalarını özündən asılı vəziyyətə saldı. Papaların Avropada siyasi və dövlətlərarası münasibətlərdə nüfuzu sarsıldı.
XIV yüzilliyin 30-cu illərində
İngiltərə ilə başlayan Yüzillik
müharibə Fransada iqtisadi
inkişaf və təsərrüfatı tənəzzülə
uğratdı, əhalinin sayı azaldı.
Ölkənin böyük hissəsi uzun
müddət İngiltərə işğalına məruz
qaldı.
Yüzillik müharibənin səbəbləri
İngiltərə kralının hakimiyyəti
altında olan cənub-qərbi Fransa
əraziləri, Flandriya uğrunda
rəqabət idi. İngiltərə kralının
Fransa taxtına iddiası müharibənin
başlanması üçün bəhanə
oldu. 1337-ci ildə İngiltərə Fransaya
qarşı müharibəyə başladı.