Antik üslub. Antik dövrdə mebel rahat və yaraşıqlı yaradılmışdır. Bu dövrdə fəaliyyət göstərən mebel ustaları həndəsəni bilir, rəssamlığı da bacarırdılar, bu da mebelin hazırlanmasında çox böyük əhəmiyyət kəsb edirdi.
Bizans üslubu. Bizans mebeli tarixə yeni heç nə əlavə etmədi. O, formaca xeyli sadədir. Əşyaların tərtibatı zamanı həddən artıq bər-bəzək, rəngli rəsmlər, qiymətli daşlar və metallar vasitəsilə bədii effekt əldə olunurdu.
Roman üslubu. Roman mebelləri özünəməxsus ağır formaları ilə yanaşı, yığcamlığı (lakonikliyi) ilə də fərqlənirdi. Bu dövrdə sandıq universal məişət mebeli hesab olunurdu. Ondan eyni vaxtda çarpayı, oturacaq, həm də səyahət etmək üçün çamadan kimi istifadə olunurdu.
Qotik üslub mebel üslublarının inkişafı tarixində mühüm mərhələdir. Bu dövrdə hündür dolablar (şkaflar) meydana çıxmışdır. Qotik üslubda olan interyerdə mebellərin bir çoxu hələ də divarda olan oyuqlarda idi. Burada oyma naxışlardan, şəbəkədən, qırmızı və yaşıl rənglə rənglənmiş nəbati elementli sarğılardan geniş istifadə olunurdu. Onların üzərindəki şəbəkəli oyma naxışlar qotik memarlıq motivlərinə uyğun yaradılırdı.
İntibah (Renessans) üslubunda olan mebellər üçün dəqiq forma, aydın quruluş və fərdilik daha xarakterikdir. Bu dövrdə mebellərin ornamentlərlə bəzədilməsi, inkrustasiya1 (qaxma) texnikası və ağac üzərində oyma çox geniş yayılmışdır.