Parçaları bitki, həşərat və heyvanlardan alınan rənglərdən istifadə etməklə boyayırdılar.
Parça üzərində naxış və ya təsvir müxtəlif üsullarla - toxuculuq prosesində saplarla tikmə, aplikasiya, yaxud basma üsulu ilə yaradılır.
Azərbaycan Qafqazda ən qədim toxuculuq mərkəzlərindən biri kimi tanınır. Orta əsrlərdə Şuşa, Naxçıvan, Şəki və Şamaxıda istehsal olunan pambıq, yun və ipək parçalar Azərbaycandan çox uzaqlarda da məşhur idi. O dövrdə geyimlərin hazırlanmasında Azərbaycanda istehsal edilən zərbaf, atlas, qanovuz, məxmər, darayı, mahud, kəşmir, tirmə, tafta və s. parçalardan, həmçinin bəzək elementi olan baftadan1 geniş istifadə olunurdu.
Parçaların xarakteristikası:
Atlas (ərəb dilində “hamar”) - ipək saplarla toxunmuş, parlaq səthli parçadır.
Məxmər - narın tüklü, yüngül, ipək səthə malik məxməri parçadır.
Mahud - qalın, bir qədər parlaq səthə malik yun parçadır.
İpək - ipəkqurdunun hazırladığı barama tellərdən toxunmuş yüngül parçadır.
Zərbaf - qızılı və ya gümüşü sapla toxunmuş naxışlı ipək parçadır.
Qanovuz - qalın ipək parçadır.
1 Bafta - ipək saplardan toxunmuş qaytan.