Xudavəng monastır kompleksi. VI-VII əsrlər. Kəlbəcər
Şirvan-Abşeron memarlıq məktəbi üçün yerli əhəngdaşından tikilən konstruksiyalar və daşdan yonulmuş nəbati bəzək ornamentləri daha xarakterikdir. Bakının rəmzi olan Qız qalası, Bibiheybət məscidi, Şirvanşahlar saray kompleksi, Bayıl qəsri, müdafiə istehkamlarından Mərdəkan və Nardarandakı qala-qəsrlər və s. bu memarlıq məktəbinin ən qədim və dəyərli nümunələrindəndir.
Azərbaycan memarlığının inkişafında Naxçıvan memarlıq məktəbi xüsusi yer tutur. Bu məktəbin abidələri dəqiq həndəsi forma elementlərinin zənginliyinə və üzərində kərpicdən olan ornamental kompozisiyalara görə fərqlənir. Naxçıvan memarlıq məktəbinin zirvəsi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığıdır.