Məsələn, Aran memarlıq məktəbinin şah əsərlərindən sayılan Şəmkir qalası (XVII əsr), Şəmkir minarəsi (XI əsrin sonları) və Qutlu Musa türbəsinin dövrümüzə yalnız qalıqları gəlib çatmışdır.
Azərbaycanda Qafqaz Albaniyası dövrünə aid abidələrin bəziləri öz ilkin formasını qoruyaraq dövrümüzə qədər gəlib çatmışdır. Xüsusilə ilk orta əsrlərdə (V-IX əsrlər) Aran memarlıq məktəbinə məxsus qədim qalalar, məbədlər, monastırlar1, kilsələr Azərbaycan memarlığının çox qədim və zəngin ənənələrə malik olduğunu daha qabarıq göstərir.
Bu abidələr arasında Şəkidə Kiş kilsəsi və ya Müqəddəs Yelisey kilsəsi (I-V əsrlər), Laçında Ağoğlan monastırı (V—VI əsrlər), Kəlbəcərdə Xudavəng monastır kompleksi və s. tikililər orta əsrlərdə Aran memarlıq məktəbinə məxsus olan alban memarlığının ən gözəl nümunələrindəndir.
1 Monastır - məbəd, yaşayış binaları və təsərrüfat tikililərindən ibarət kompleksdir, burada dindarlar müəyyən nizamnamə əsasında ibadət edir və yaşayırlar.